Bu gündən Gəncə Dövlət Universitetində yay imtahan sesiyası başlayıb. İmtahanın ilk günü tələbələrin yanında valideynlər və KİV nümayəndələri də olub. Onlara kömək etmək üçün yox, prosesin gedişatı izləmək üçün.
Ziyafət Allahverdiyeva- valideyn: “Birinici kursların yazılı imtahanında iştirak etməyə gəlmişəm. Baxdım, nəzarət elədim. Həqiqətən sakit mühit yaradılıb, çox şəffaf imtahan gedir. Valideyn kimi tələbələrə yaradılan bu şəraitə görə təşəkkürümü bildirirəm”.
İmtahanlar yazılı şəkildə mərkəzləşmiş qaydada universitetin idman zalında təşkil edilib. Tələbələrə 5 sualı cavablandırmaq üçün 2 saat vaxt verilib. Bu müddət ərzində ictimaiyyət nümayəndələrinə prosesə nəzarət etmək imkanı yaradılıb. Gün ərzində iki növbədə baş tutan imtahanda ümumilikdə 1000 tələbə il ərzində keçilən dərsi necə mənimsədiklərini nümayiş etdiriblər.
Ayxan Fərəcov- tələbə: “Bizə bilet vasitəsi ilə 5 sual verilir. Həmin sualları yazılı formada yazırıq. Yazılı formada yazmaq da bizim gələcəyimiz üçün çox parlaq nəticələrin göstərildiyini bildirir”.
Alı Həsənov- tələbə: “Bu gün imtahan yazılı olduğu üçün 5 sual verilmişdi bizə. Həmin 5 sualdan 4-nü yaza bildim. İmtahanlar tam şəffaf keçirilir”.
Sədaqət Abbasova- valideyn: “İmtahanlar çox şəffaf şəkildə qurulub. Valideynlərin hamısı da rəhbərliyin işindən razıdır. Çox yaxşı səviyyədə aparılır”.
Tələbələrin cavabları kodlaşdırılaraq yoxlanması üçün imtahan komissiyasına təqdim edilib və bir gün sonra nəticələr məlum olacaq. Təhsil ocağında yaradılan apelyasiya komissiyası isə tələbələrin irad və şikayətləri üçün nəzərdə tutulub.
Elturan Yusifov- GDU-nun Tədris Elektron Mərkəzinin müdiri: “Əgər hər hansı bir problem yaranarsa Universitet üzrə apellyasiya komissiyası yaradılıb və imtahan qərargahı fəaliyyət göstərir. İstənilən vaxt tələbə imtahan sualları ilə bağlı müraciət edib öz məsələlərini araşdıra bilərlər. Əgər hər hansı bir müraciət daxil olarsa apellyasiya komissiyasının sədri aidiyyəti kafedra müdirləri və fakültə dekanlarının iştirakı ilə ixtisas müəllimlərini dəvət edib tələbənin suallarını araşdırırlar. Əgər tələbənin iradı haqlı olarsa onun qiymətinə düzəlişlər edilir”.
Gəncə Dövlət Universitetində yazılı imtahanlar iyunun 8-də başa çatır. Daha sonra başlanılacaq test üsulu ilə imtahanlar iyulun 17-nə kimi davam edəcək.
Elnur Vahidoğlu
- Baxış: 545