Kənd Təsərrüfatı Nazirliyi təkrar əkin subsidiyası almaq istəyən fermerlərə xəbərdarlıq edib. Təkrar əkinləri barədə bəyanı fermerlər avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etməlidirlər.
Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Təkrar əkin subsidiyası fermerlərə bir ildə 2 dəfə əkin subsidiyası almaq üçün yaradılan imkandır. Payız əkinlərinin biçinini başa çatdıran fermerlər yeni mövsümədək qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərinindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər.
Təkrar əkin üçün müraciət etmək istəyən fermerlərin mütləq bu il ilk əkin aparması barədə bəyanı da sistemdə olmalıdır. Bu il torpaq analizi verən fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.
Təkrar əkin subsidiyası fermer kartına köçürülür. Fermer vəsaitin 25%-ni nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə və dərman preparatı ala bilər. Qaydalara görə subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.
Fərid Mehdiyev
- Baxış: 1039