Göygöldə ötən il 39 sahibkara verilən 400 min manat məbləğində güzəştli kreditlər yeni iş yerlərinin yaranması ilə rayonda istehsal edilən məhsulun həcminin artımına səbəb olub. Yeni otellər, kotejlər, istirahət güşələri, iaşə obyektlərinin istifadəyə verilməsi və "Göygöl Milli Parkında" turizm infrastrukturunun yaradılması rayona gələn turistlərin sayının 200 minə çatmasına imkan verib. Ötən ilin yekunlarının müzakirə edildiyi hesabat iclasında 17 fərdi yaşayış evinin yenidən qurulduğu, bir neçə küçənin abadlaşdırıldığı, Kənd Təsərrüfatı İdarəsi üçün yeni inzibati bina istifadəyə verildiyi, Respublika Süni Mayalama Kompleksinin tikintisinin başa çatdırıldığı önə çəkilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi üçün inzibati binanın, Üçtəpə kəndində yeni məktəbin və 5 ulduzlu otelin tikintiləri isə davam etdirilir. "Göygöl-1" 35/6 kilovotluq yarımstansiyanın istifadəyə verilməsi isə əhalinin işıqla bağlı problemlərini aradan qaldırıb.
Natiq Hüseyn
- Baxış: 834