• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 09.04.2023 20:20

Heyvanlar xəstəliklərə qarşı peyvənd edilir

KepezTV Player

Goranboy rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi epizodik tədbirlər planına uyğun olaraq rayon ərazisində mövcud olan bütün növ heyvanlarda peyvəndləmə tədbirləri aparır. Hazırda baytar həkimləri fərdi və fermer təsərrüfatlarında iri və xırdabuynuzlu heyvanları qarayara, dabaq xəstəliyinə qarşı peyvənd edirlər. Məqsəd, rayonun xırda və iri təsərrüfatlarında bu infeksion xəstəliklərin yaranaraq yayılmasına imkan verməməkdir.

Goranboyda xəstəliklərə qarşı tədbirlər həyatyanı və böyük təsərrüfatlarda saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında aparılır. Mart ayının ortalarından başlayaraq xırdabuynuzlu heyvanlar qarayara, iribuynuzlu heyvanlar isə dabaq xəstəliyi əleyhinə vaksinasiya olunur. İndiyə kimi isə 2400 heyvan peyvənd edilib. Bundan başqa, 4 min ev quşu “Nyukasl” xəstəliyinə görə vaksinasiya edilib. 100-ə yaxın sahibli it isə quduzluq xəstəliyinə qarşı peyvənd olunub. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən göndərilən dərmanlar təsərrüfatlara soyuq zəncir rejiminə riayət edilərək termoçemodanlarda aparılır.

Elsəvər Hüseynov- Goranboy rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi: “Heyvanların dağa, yaylaqlara qalxması ilə əlaqədar olaraq xırdabuynuzlu heyvanlarda hazırda peyvəndləmə işlərinə başlanılıbdır. Xırdabuynuzlu heyvanlarda qarayara xəstəliyinə qarşı tədbirlər həyata keçirilir. Baytarlıq sahəsində ciddi təkmilləşdirmə prosesləri aparılmışdır. Sahə baytar həkimləri özəl baytar həkimləri ilə əvəz edilmişdir. Özəl baytar həkimləri vaksinlərlə təmin olunub, bütün lazımi avadanlıqlarla təchiz edilib. Özəl baytar həkimləri göstərdiyi xidmətə uyğun əmək haqqı alırlar. Nazirlər Kabinetinin qərarına görə, 1 baş iribuynuzlu heyvan 50 qəpik, xırdabuynuzlu heyvan 30 qəpik, itlər isə 40 qəpik nəzərdə tutulmuşdur”.

Goranboyda 38 min 300 baş iribuynuzlu, 143 min xırdabuynuzlu heyvan saxlanılır. Həmçinin, təsərrüfatlarda 1700 təkdırnaqlı heyvan da bəslənilir. Təsərrüfat sahibləri ilə baytar həkimləri tərəfindən daima əlaqə saxlanılır.

Alim Hüseynov- təsərrüfat sahibi: “Goranboy rayonunun baytar həkimləri vaxtlı-vaxtında gəlib vaksini vururlar. Xəstəlik keçirməməyə görə, işlərini görürlər. Dabaq, eləcə də digər xəstəliyə görə vaksin edirlər, sağ olsunlar. Vaksin vaxtlı-vaxtında vurulanda heyvanlarda xəstəlik baş vermir. Heyvanlar yaxşı inkişaf edir, xəstəliyə yoluxmur”.

Goranboyda baytar həkimləri heyvanların saxlandığı yerləri də dezinfeksiya edirlər. Həmçinin təsərrüfat sahibləri mal-qaranın saxlanması, xəstəliklərdən qorunması və yemləmə ilə bağlı da maarifləndirilir. 

Elnur Vahidoğlu