• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1425
— 26.07.2021 20:32

12-ci ənənəvi açıq birincilik

KepezTV Player

Samuxda kikboksinq üzrə açıq rayon birinciliyi keçirilib. Yarış Azərbaycanın Milli Qəhrəmanı, şəhid Eltun İsgəndərovun, eləcə də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub.

Rəsmi açılış mərasimində çıxış edənlər pandemiya ilə əlaqədar olaraq uzun müddətdən sonra bu yarışın bərpa edilməsinə sevindiklərini ifadə ediblər. Kikboksinqlə məşğul olan bir çox idmançının 2-ci Qarabağ müharibəsindəki qələbədə böyük rol oynadığı diqqətə çatdırılıb. 12-ci dəfə təşkil edilən yarışda rəsmi hissədən sonra döyüşlərə start verilib. Həm oğlan, həm də qız kikboksinqçılərin qatıldığı açıq birincilikdə 20 klubun 300-dən çox idmançısı iştirak edib.

Yarışa ev sahibliyi edən Samuxdan rinqdə 120-dən çox kikboksinqçi döyüşüb. Uşaq, yeniyetmə və gənclərin qüvvəsini sınadığı mübarizələrdə Samuxlularla yanaşı, Gəncə, Bərdə, Mingəçevir, Naftalan, Goranboy, Göygöl, Kəlbəcər, Tərtər və Yevlax idmançıları da qalib olmaq üçün bacarıqlarını ortaya qoyublar.

Birinciliyin yekunlarına əsasən komanda hesabında Samux 1-ci, Gəncə 2-ci, Mingəçevir kollektivi isə 3-cü yerə layiq görülüb. Mükafatçı yerlərdə qərarlaşan komandalar medal və diplomla təltif edilib.