• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 17.08.2020 12:11

Ağır qəzada iki nəfər öldü

KepezTV Player

Ehtiyatsızlıq, məsuliyyətsizlik, yüksək sürət yenə can aldı. Samuxda iki gənc bu səbəblərdən həyatla vidalaşdı. Masallıda da ağır nəticəli qəza qeydə alındı. Çox təəssüf ki, yol-nəqliyyat hadisələri bununla yekunlaşmır.

Samux rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Çobanabdallı kəndində baş verib. “Mercedes” markalı minik avtomobili ilə kombayn toqquşub. Zərbənin təsirindən kənd təsərrüfatı texnikası aşıb. Qəza nəticəsində 22 yaşlı Elnur Çağırqanov və 24 yaşlı Ləman Süleymanzadə yerindəcə dünyasını dəyişib. Çağırqanov Nizami Rayonu Polis İdarəsinin sahə rəisi, Ləman Süleymanzadə isə Gəncə ASAN xidmət mərkəzinin əməkdaşı olub.

Köhnə Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində də ölümlə nəticələnən ağır qəza olub. 57 yaşlı Mirqadir Ağayev idarə etdiyi "KamAZ" markalı avtomobillə 50 yaşlı Elçin Mənsimova məxsus eynimarkalı yük maşınını yedəyə alaraq əsas yola daxil olub. Bu zaman əsas yolla hərəkətdə olan, Orxan Ağaverdiyevin sürdüyü "VAZ 21011" markalı avtomobil iki "KamAZ" arasındakı qoşquya çırpılıb. Dam örtüyünün sıradan çıxmasıyla iki hissəyə ayrılan minik avtomobilində olan sərnişinlər - Müşviq Tağılı və Məzahir Hüseynov hadisə yerində vəfat edib. VAZ-ın sürücüsü və sərnişini Qismət Mustafayev isə xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Samuxda daha bir qəza "Mercedes" markalı mikroavtobusun iştirakı ilə qeydə alınıb. Qarşısına qəfildən eşşək arabası çıxan nəqliyyat vasitəsi arabaya çırpılıb və aşıb. Nəticədə rayonun Hacallı və Füzuli kənd sakinləri olan 11 nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib.

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. Təzəkənd kəndində yolu keçmək istəyən 59 yaşlı Nicat Məmmədovu maşın vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu deyilir. Faktlarla bağlı araşdırma aparılır.