• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 11.07.2024 18:16

Uşaqlar arasında artan rotavirusun riskləri

KepezTV Player

Son günlər əhali arasında rotavirus infeksiyasına yoluxma halları artıb. Adətən uşaqlar arasında yayılan bu xəstəlik əlamətlərinə görə bir çox xəstəliklə eynilik təşkil edir. Bəs rotavirus nədir, necə yayılır və müalicəsi üçün nə etmək lazımdır?

Rotavirus, bağırsaq infeksiyası və ishala səbəb olan yoluxucu bir virusdur. Daha çox 5 yaşdan kiçik uşaqlarda rast gəlinən bu xəstəlik təmas, çirklənmiş qida və su vasitəsilə ötürülür. Bundan əlavə, virus mövsümi xarakter daşıyır və yayda daha çox yayılır. Həkimlər deyir ki, son günlər xəstəxanaya müraciət edən hər 10 nəfərdən 3-4-ü bu xəstəlikdən əziyyət çəkir.

Nurlana Zeynalova- həkim-pediatr: “Rotavirus infeksiyasının ilk əlamətləri olaraq qusma, hərarətin yüksəlməsi və diareya kimi halları qeyd edə bilərik. Adətən ilk dönəmdə xəstəliyin əlamətləri yüngül gedişatlı olur. Lakin lazımi müdaxilə olmadıqda xəstəlik susuzlama ilə ağırlaşa bilər. Bu da körpə uşaqlarımız üçün daha böyük risk təşkil edir”.

Rotavirus infeksiyaları xüsusilə qida çatışmazlığı və immun sistemi zəif olan uşaqlarda daha ciddi fəsadlara səbəb ola bilər.

Aybəniz Tanrıverdiyeva- şəhər sakini: “Nəvəm xəstələnmişdi. Temperaturu var idi, qusurdu. Gətirdik həkimə, baxdı, müalicə yazdı. Son zamanlar bu virus onsuz da uşaqlar arasında yayılıb. Elə bizim uşaq da o virusa tutulmuşdu. Həkimimiz dərman yazdı”.

Məlahət Süleymanova- şəhər sakini: “Uşağı həkimə gətirmişik. Qusması var idi. Həkim müayinə elədi. Dedi virusa yoluxub. Müalicə yazdı”.

Rotavirus infeksiyasının sağalma müddəti 10 günə qədər davam edir. Xəstə müalicə ilə yanaşı, çoxlu maye də qəbul etməlidir.

Nurlana Zeynalova- həkim-pediatr: “Bol maye qəbuluna və yataq rejiminə diqqət edərək uşaqların xəstəliklərinin gedişatının ağırlaşmasının qarşısını ala bilərlər. Əgər ishalı olan bir körpə uşaqda ağlayarkən göz yaşının olmaması, selikli qişaların quruluğu əlamətlərini, gün ərzində sidik ifrazatının azalmasını görürsünüzsə, bununla yanaşı müştərək ishal durumu varsa, mütləq şəkildə həkimə müraciət etmələri çox önəmlidir”.

Araşdırmaya görə, rotavirus dünyada hər il 200 mindən çox uşağın ölümünə səbəb olan bir xəstəlikdir. Ona görə də vaxtında müdaxilə çox önəmlidir.

Aişə Rzayeva