Koenigsegg şirkəti tarixindəki ilk dörd nəfərlik avtomobili olan Gemera meqakarını təqdim edib.
"Ailəvi" Koenigsegg Gemera hiperkarı dörd oturacağa, həmçinin avtomobilin önündə və arxasında yerləşən iki baqaj bölümünə malikdir. Baqaj bölümlərinin ümumi həcmi 200 litrdir. Hiperkarın güc qurğusu quru karterli yağlama sistemi və FreeValve texnologiyasına malik olan üçsilindrli TFG 2.0 biturbomühərrikinin bazasında yaradılıb. Belə mühərrikdə mövcud olmayan paylayıcı valların rolunu klapanların pnevmohidroelektrik aktuatorları (PHEA) ifa edirlər.
"Turboüçlük" 608 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir və ona üç elektrik mühərriki kömək edir: onlardan ikisi arxa təkərlərin hər birində, üçüncüsü isə, dirsəkli valda yerləşdirilib. Güc qurğusunun ümumi hasilatı 1727 at qüvvəsi və 3500 Nm fırlanma anı təşkil edir. Ortamühərrikli Gemera 100 km/saat həddinə 1,9 saniyəyə sürətlənir. Meqakarın maksimal sürəti 400 km/saat həddində məhdudlaşdırılıb.
Koenigsegg şirkəti Gemera meqakarını 300 nüsxəlik tirajla buraxmağı planlaşdırır.
- Baxış: 20457