Azərbaycanda yetkin əhalinin 53,6 faizi artıq çəkidən əziyyət çəkir. Bu statistika Ümumdünya Səhiyyə Təşkilatının hesabatında əksini tapıb. Ölkəmizdə qadınların 54.1 faizinin, kişilərin isə 52.9 faizinin artıq çəki problemi var.
Əlövsət Məmmədov- şəhər sakini: “Bu çəki mənə əziyyət verir. Bu, qan-damar sistemində, qaraciyərdə, ayaqlarda problem yaradır. Ümumiyyətlə insan orqanizminə çox ziyanlıdır. Mən gördüyümü deyirəm. Bilmirəm yaşla əlaqəlidir, şəkərlə əlaqəlidir nə ilə əlaqəlidirsə, indi pəhriz saxlaya bilmirəm”.
Dünyada artıq çəki və piylənməyə məruz qalan insanların sayı ilbəil artır. Gündəlik rasionun kaloriliyinin orqanizmin enerji tələbatından artıq olması piylənmə və artıq çəkinin əsas səbəbidir. Əhali qidanın tərkibində yüksək enerji tutumu və tərkibində yağın çox olduğu ərzaqlardan istifadə edir. Fəaliyyət növlərinin oturaq olması səbəbindən fiziki fəallıq da azalır. Nəticə etibarilə bu, artıq çəki və ya piylənməyə gətirib çıxarır.
Amil Rəhimli- mütəxəssis: “Keçən dəfə bir xəstəmiz gəlmişdir. Xəstə 26 yaşında təqribən 110 kiloqram civarında idi. İlk öncə anlaşmamız belə oldu ki, axşam evə gedəndən sonra ən azından 1 gün içində 10 min addım atacaq qədər bir yürüş və əgər bacarırsa idman zallarına gedib idman eləməsini məsləhət görürük. Yeməklərdən də xəmir yeməkləri, şirniyyat, yağlı yeməklər bunların qəti şəkildə azaldılmasını və hətta imkan varsa kəsməsini anlaşdıq. Bu şəkildə xəstəyə aya 4-6 kiloqram arıqlayacaqsan deyə, anlaşdıq. Belə şəkildə xəstə 6 ay ərzində 30 kiloqramdan çox kilo vermişdi, yanıma gələndə. Özü də çox razı idi”.
Artıq çəkidən əziyyət çəkənlərin əksəriyyəti uşaqlıqdan obezlik problemi ilə qarşılaşanlardır. Maraqlısı odur ki, valideynlər buna xəstəlik kimi deyil, “kök uşaq, daha sağlam olur”, düşüncəsi ilə yanaşırlar.
Şəhla Verdiyeva- həkim: “Azərbaycanda təəssüf ki, artıq çəkili uşaqlara çox diqqətlə yanaşmırlar. “Böyüdükcə kilo verər, böyüdükcə hərəkəti artar” deyirik. Bəzən hətta daha sentimental yanaşırıq, bunu xəstəlik kimi görməzdən gəlirik. Sanki bədən quruluşu imiş kimi davranmağa çalışırıq. Kilo verərsə zəifləyər, immun sistemi düşər, bir çox xəstəliklərə düçar olar deyə düşünürük. Amma günümüzdə həqiqətən obezlik çox ciddiyə alınması mütləq olan önəmli bir xəstəlikdir”.
İnsanın çəkisinin boynun kvadratına olan nisbəti ilə çəki indeksi müəyyən olunur. Bu indeks 25 ilə 30 arası olarsa artıq çəki kimi dəyərləndirilir. Bu indeks 30-35 arası olduqda 1-ci dərəcəli, 35-40 arası olduqda 2-ci dərəcəli, 40-ın üzərində olduqda isə 3-cü dərəcəli - daha ciddi obezlik hesab olunur.
Şəhla Verdiyeva- həkim: “Obezlik dünyada yanaşı özü ilə xəstəliklər gətirməsi və həmin xəstəliklərdən ölüm baxımından 3-cü sırada durur. Obezlik təkbaşına belə xərçəng səbəbidir. Bir çox orqanların xərçəng riskini artırır. Kordiak risk səbəbidir, obezlik öz növbəsində diabet, prediabet, insulin dirənci səbəbidir. Artıq çəki olan uşaqlar daha tez yorulurlar. Yaddaş zəifliyi daha çox rast gəlinir. Yuxu pozğunluqları daha çox olur. Onlarda əksinə, immun sistemi sıxışdırılır. Əslində “Kovid” dönəmində də bunu gördük. Artıq çəkili insanlar xəstəliyi daha ağır keçirirdi. Bizim indiyə kimi bildiklərimizin tamam əksi bir praktika ilə qarşı-qarşıya gəldik. Eyni şey keçərlidir. Artıq çəkili insanlar bütün viral, bakterial xəstəlikləri daha ağır keçirdir. Çünki, onlarda immun sistemi çəki tərəfindən zəiflədilmiş olur”.
Hər il dünyada artıq çəki və piylənməyə məruz qalan insanların sayı artır. Bu, da təhlükəli olan bir sıra xəstəliklərə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, piylənmə və artıq çəki insan ömrünü ən azı 10 il azaldır.
Aişə Rzayeva
- Baxış: 341