Ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xidmətlərin keyfiyyəti və vətəndaş məmnunluğu artıb. Bütün xəstəxanalarda elektronlaşdırılma işi aparılıb. Klinikalarda həyata keçirilən, demək olar ki, bütün prosedurlar elektron şəkildə qeydiyyata alınır və idarə olunur. Bu, dövlət xəstəxanalarında xəstələrə göstərilən xidmətin keyfiyyətini artırmağa imkan verib.
73 yaşlı Şəmkir rayon sakini Lena Həsənova təqaüd almaq istəyərkən qəfil sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. Yaşlı qadın müvazinətini itirərək yerə yıxılıb. Daha sonra təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Nəticədə həkimlər tərəfindən icbari tibbi sığorta zərfinə daxil olan endoprotez əməliyyatı icra olunub. Bu da qərb bölgəsində fəaliyyət göstərən dövlət xəstəxanalarında icra olunan ilk belə əməliyyatdır.
Ortoped-travmatoloq deyir ki, yaşlı insanlarda bud-boyun sınıqları zamanı bud başının endoprotezləşdirilməsi əməliyyatı ən optimal variant hesab olunur. Səbəbi isə xəstənin daha erkən dönəmdə yataq kənarına oturdulması və daha sonraki mərhələdə xəstənin ayağa qalxıb yeriməsi üçündür. Digər metodlarda isə pasiyentin ayağa qalxıb yeriməsi mümkün hesab olunmur.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. Qərb bölgəsində isə bu xidmətlərdən yararlananların sayı minlərlədir.
Səhiyyə sahəsində növbəti yenilik isə xəstə qəbulu ilə bağlıdır. Əvvəl stasionar şöbələrdə həm xəstə qəbulu, yəni ambulator xidmət aparılırdı, həm də stasionar xəstələrin müayinə və müalicəsi həyata keçirilirdi. İndi isə dünya ölkələrində olduğu kimi Azərbaycanda da ambulator xidmət stasionardan ayrı yerdə həyata keçirilir. Bu, vətəndaşlara keyfiyyətli və düzgün xidmətin göstərilməsinə səbəb olur.
Valeh Anaroğlu
- Baxış: 1276