Bakı və bölgələrdə narkotik vasitələrin aktiv satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib, qanunsuz dövriyyədən 72 kiloqramdan artıq narkotik vasitə çıxarılıb, əməliyyatlar zamanı 11 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Qaradağ rayonunda keçirdikləri əməliyyat zamanı Bərdə şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkum olunmuş Ramal Hüseynov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobilindən 18 kiloqram 582 qram heroin, 1 kiloqram 630 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bir ədəd plastik kart aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ramal Hüseynovun Bərdə şəhərindəki evindən əlavə 9 kiloqramdan artıq heroin aşkar olunub.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Masallı rayonunda keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Astara rayon sakini İbrahim İmaməliyev saxlanılıb. İdarə etdiyi avtomobilə baxış zamanı 13 kiloqram 710 qram heroin, 10 kiloqram tiryək, 3 kiloqram 443 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram marixuana və 1000 ədəd satışı qadağan olunan yüksək təsiredici “Metadon” həbləri aşkar olunub. İmaməliyev külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşından əldə etdiyini deyib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 767