Baş Prokurorluq Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə “Ermənistan təcazvüzünün qurbanı Gəncə barədə nə bilirsiniz?” başlıqlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlayıb. Düşmənin 4, 11 və 17 oktyabr tarixlərində raket hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanı, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirib. Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Baş Prokurorluq bütün beynəlxalq qurumlara müraciət edəcək.
- Baxış: 120