Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən siyasət nəticəsində indiyədək 300 mindən çox insanın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Ölkədə 100-dən çox qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış massivləri salınıb. Hazırda isə Samux rayonunda ilk dəfə olaraq 200 mənzillik yeni yaşayış kompleksi inşa edilir.
Hazırda Samux rayonunda 459 ailədən ibarət 1603 nəfər məcburi köçkün məskunlaşıb. Ürəkaçan olmayan şəraitdə yaşayanların böyük hissəsi Kəlbəcər rayonundan olanlardır.
Vahid Tağıyev - məcburi köçkün: Kəlbəcər rayon sakiniyəm, ailəmlə 1993-cü ilin aprel ayından Qarayeri qəsəbəsinin Texniki Peşə Məktəbində məskunlaşmışıq. Bura peşə məktəbi olduğuna görə hər bir otağın sahəsinin eni 6, uzunu 12 metrdir. Qış vaxtı burada lap dözülməz şəraitdə yaşıyırıq.
Zəfər Cabbarov - məcburi köçkün: 1993-cü ildən burda yaşıyırıq. Vəziyyətimiz çox ağırdır. Elə yerlər var ki, döşəməsi yox, tavanı yox betonun içində yaşıyırıq. Ümumiyyətlə uşaqlarımız, böyüklərimiz olsun yaxşı yaşıyan həyat hələ görməmişik.
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayan dövlət tərəfindən Samuxun Seyidlər kəndində yeni yaşayış kompleksi salınır. 4 ha ərazidə hər biri dördmərtəbəli olmaqla 9 yaşayış binası tikilir. Komleksdəki binalardakı mənzillərdən 26-ı 1 otaqlı, 58-i 2 otaqlı, 100-ü 3 otaqlı və 16-ı isə 4 otaqlı olacaq. Hazırda ərazidə infrastrukturun qurulması ilə bağlı intensiv iş gedir. Bütün binaların beton işləri tam başa çatıb, dam ötüklərinin vurulması isə yekunlaşır.
Ramiz Həsənov - Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Samux ofisi üzrə baş texniki nəzarətçisi: Hazırda tikinti işlərin son tamamlama işləri aparılır. Bina işıq, su, qazla təchiz olunur. Ərazidə 2 ədəd 400 kubluq su anbarı inşa olunub istifadəyə tam hazırdı. 1 ədəd 150 kubluq təsərrüfat su anabarının tikinti işləri davam etdirilir. Əraziyə 17 km kənardan içməli su xəttinin də çəkilişi davam etdirilir. Evlər tam təmirli məcburi köçkünlərin istifadəsinə veriləcəkdir.
Həmçinin ərazidə məcburi köçkünlər üçün poçt, tibb məntəqəsi, inzibati bina, klub-icma mərkəzi eləcədə 2 mərtəbəli 50 yerlik uşaq baxçası da tikilir.
Layihəyə uyğun olaraq məcburi köçkünlər üçün salınan yaşayış kompleksində orta məktəb də inşa olunur. 2 mərtəbəli olan bu təhsil ocağı 144 nəfərlikdir.
Sentyabrda təhvil verilməsi nəzərdə tutulan yaşayış kompleksində 200 mənzil olacaq. Ərazidə sakinlərin istirahəti və sağlamlığı üçün lazımi şərait yaradılacaq.
- Baxış: 720