Naxçıvandan Bakıya ilk təyyarə reysinin vaxtı açıqlanıb. Beynəlxalq uçuşlara bileti olanlar əllərindəki biletləri dəyişə biləcəklər. Bileti qaytarmaq istəyənlərin pulu necə, ödəniləcəkmi?Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən iclasında bu və digər suallara aydınlıq gətirilib. İzləyək.
“Koronavirus pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar” təsdiq edilib.
Bakı-Naxçıvan-Bakı istiqamətində uçuşlar bərpa olunacaq. İyunun 18-də günorta saat 12-də Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq. Həmin gün saat 15-də ikinci uçuş baş tutacaq. Uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən, nəticələri neqativ olan sərnişinlər arayış əsasında uçuşa qəbul ediləcək.
Təyyarəyə koronavirus testi neqativ çıxanlar buraxılacaq
Beynəlxalq uçuşlar başlanılarsa, bu günə qədər bilet alan sərnişinlər əllərindəki biletləri yenisi ilə dəyişə də bilərlər. Bunun üçün sərnişinlərə xüsusi vauçerlər təqdim edilir.
Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov isə vurğulayıb ki, bir sıra dövlətlər COVID-19 pasportu tələb edəcəyini bildirib. Sərnişinləri karantinə götürəcək dövlətlərdən bəzilərində isə bu karantinin kimin hesabına olacağı aydın deyil.
Sərtləşdirilmiş karantin günlərində apteklərin xidmətindən də danışılıb. 14 iyun gecə saat 12-dən 16 iyun səhər saat 6-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində apteklərin fəaliyyətinə yalnız ünvana çatdırılma xidməti göstərməklə icazə veriləcək.
Apteklərin əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Qeydiyyat bitdikdən sonra sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat koronavirusinfo.az saytında yerləşdiriləcək.
- Baxış: 529