Dağlıq və dağətəyi rayonlar üçün xarakterik olan və heyvandarlığın inkişafında effektiv vasitə sayılan amarant bitkisinin sınaq əkini aparılıb. Çoxlarınız üçün ilk dəfə eşidilən, tanış olmayan bu bitki heyvandarlığın intensiv inkişafnda istifadə olunur. Bitki barədə ətraflı videomaterialda.
Heyvandarlığın inkişaf etdirilməsi və məhsuldarlığın artırılmasında yem təminatı mühüm rol oynayır. Odur ki, yeni yem bitkilərinin axtarılması və öyrənilməsi müasir dövrün aktual məsələlərindəndir. Belə bitkilərdən biri hazırda dünyada geniş tədqiq olunan və 21-ci əsrin mühüm kənd təsərrüfatı bitkisi kimi qəbul edilən amarantdır.
Niyaz Abbasov fermer: Gördüyünüz bu sahənin 2 hektar ərazisində sınaq məqsədilə amarant bitkisi səpmişik. Amarant bitkisinin heyvandarlığın intensiv inkişafı üçün böyük əhəmiyyəti var. Onun tərkibində 16 %-a qədər protein var, 3%-dan çox yağ var. Səpin norması hektara 3 kq təşkil edir. Aqrotexniki qulluq qaydalarına düzgün riayət olunarsa, hektardan 195 kq-a qədər azot çıxarır, 85-95 kq fosfor çıxarır, 90 kq-a qədər də kalium çıxarır.
Amarant bitkisinin becəriməsi heyvandarlıq təsərrüfatlarının rentabelli inkişafına, məhsul istehsalının artırılmasına əvəzsiz töhfə verir. Dünya üzrə amarant bitkisinin 65 cinsi, 900-ə qədər növü məlum olsa da, onlardan yalnızca 9-u Azərbaycan ərazisində yayılıb.
Niyaz Abbasov fermer: Amarant bitkisini el arasında “ağ tərə” adlandırırlar. Ağ tərə qarğıdalı ilə siloslaşan bitkidir. Həm yaşıl kütlə kimi vermək olar, həm də siloslaşdırıb heyvanların yem rasionuna daxil etmək mümkündür. Bu bitkinin heyvanların yem rasionuna daxil edilməsi, heyvanların say tərkibinin artırılmasına, həm də, məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına köməklik edir.
Amarantın yaşıl kütləsi bütün ev heyvanları üçün qüvvəli yemdir. Qida rasionuna bu bitkinin əlavə edilməsi heyvanların say artımına, əldə olunan məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsinə və eyni zamanda, çəkilən xərclərin maya dəyərinin aşağı salınmasına müsbət təsir edir.
Niyaz Abbasov fermer: Amarant bitkisini biçən kimi heyvana vermək düzgün deyil. Çünki onun tərkibində qlükozitlər var. Hardasa biçindən 5-6 saat sonra heyvana yaşıl kütlə kimi vermək mümkündür. Biçilən kimi dərhal verilsə, heyvana köp, yəni tempanent verə bilər.
Müşahidələr göstərir ki, əgər qida üçün ümumi yem məhsullarına 25 faiz amarant bitkisinin yaşıl kütləsi əlavə edilərsə, cücələrin inkişafı 2-3 dəfə tezləşər, mal-qaranın süd sağımı və süddə yağın miqdarı xeyli artar. İribuynuzlu heyvanların yemləndirilməsində amarantın qarğıdalı və sorqo bitkisinin qarışığından hazırlanmış silosu böyük əhəmiyyətə malikdir.
Valeh Anaroğlu
- Baxış: 711