Hacıqabulda ailə faciəsi yaşanıb. Dəhşətli qəzada bir ailənin üç üzvü ölüb, 4-ü isə xəsarət alıb.
Ağır qəza Bakı-Qazax magistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib. BMW markalı minik avtomobili arxadan "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilində olan sərnişinlərdən 3 nəfər yerindəcə dünyasını dəyişib. Ölənlər sürücünün həyat yoldaşı 38 yaşlı Səmayə Əliyeva, qardaşının həyat yoldaşı Xatirə Əliyeva və qardaşı oğlu 13 yaşlı Rizvan Əlizadədir. Ağır qəza daha dörd nəfərin xəsarət almasına səbəb olub. Yaralılar – 43 yaşlı Müşviq Əliyev, 6 yaşlı Ömər Əlizadə, 10 yaşlı Nərmin Əlizadə və 9 yaşlı Əliqardaş Əlizadə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hadisə nəticəsində həlak olan və xəsarət alanlar bir ailənin üzvləridir və məlumata görə, onlar Qaxdan istirahətdən qayıdırmışlar. Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəblərinin araşdırılmasına başlanılıb.
- Baxış: 1180