• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 680
— 03.04.2017 16:09

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Şəmkirdə yoxlamalar keçirib

KepezTV Player

Ölkədə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq üçün Şəmkirdə yoxlamalar keçirilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri ət satışını həyata keçirən dükanlarda olub, qəssablarla maarifləndirici söhbətlər aparıblar. 

Ötən həftə Cəlilabad rayonunun Maşlıq və Kürdəmirin Xınıslı kəndi ərazisində aparılan reyd zamanı qeyri-qanuni, baytarlıq nəzarətindən keçməyən ət kəsimini və tədarükünü həyata keçirən şəxslər aşkarlanıb. Bu kimi halların qarşısını almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Şəmkir rayon Baytarlıq İdarəsi yoxlamalara başlayıb. Ət kəsimini və satışını həyata keçirən yerlərdə nəzarət gücləndirilib.

Fariz Yusibov- qəssab: “Təmiz ətdir, öz fermamızdan kəsirik. Gündəlik baytar həkimlər nəzarət edir, laboratoriyadan keçirirlər. Kənardan ət götürmürük satış məqsədilə. Gün ərzində irili, xırdalı 60-70 kq ət satırıq”.

Nizami Cəfərov- qəssab: “Mənşəyi məlum olmayan ət gətiririk satmaq məqsədilə təklif ediblərmi sizə??? Birinci belə təkliflər etməyiblər, ikincisi də əgər təklif olunsa biz bunu qəbul etmirik”.

Yoxlamalar zamanı mənşəyi məlum olmayan ətlərə rast gəlinməsə də, bir neçə dükanda xırda nöqsanlara görə, qəssablara şifahi xəbərdarlıq edilib.

Məmməd Qasımov- Şəmkir rayon Baytarlıq İdarəsinin rəis əvəzi: “Şəmkir rayonu heyvandarlıq rayonudur. Öz fermerlərimiz daxili tələbatı ödədiyi üçün kənardan rayon ərazisinə ət gətirilmir. Heyvanlar kəsilən zaman baytarlıq nəzarəti altında həyata keçirilir. Baytar sanitar ekspertiza laboratoriyasında müayinədən keçirildikdən sonra ət satışı dükanlarına gətirilərək satışı həyata keçirilir”.

Hazırda Şəmkir rayonu ərazisində 70-ə yaxın ət satışını həyata keçirən məntəqə var ki, burada da gündəlik 2.5 tona yaxın xırda və iribuynuzlu heyvanların əti istehlakçılara tədarük olunur.

 

Xaliq Qurbanlı