• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 24.11.2016 15:11

Gəncədə “Mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi” müzakirə olunub

Çoxmərtəbəli binaların idarəedilməsi Mənzil İstismar Sahələrindəmi qalsın, yoxsa yeni yaradılan digər qurumlara həvalə edilsin? Bu barədə qərarı yalnız bina sakinləri verə bilər və dövlət tərəfindən dəstəklənən forma "Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri"nin yaradılmasıdır. Mənzil İstismar Sahələrinin fəaliyyətsiz olduğu bir dövrdə Mənzil Məcəlləsində nəzərdə tutulan yeni idarəetmə metodlarının tədbiqi Gəncədə müzakirə edilib.

Son illər müvafiq qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması əhali tərəfindən birmənalı qarşılanmayan Mənzil İstismar Sahələrinin daha mütərəqqi formada təşkilini ortaya qoyur. Mənzil Məcəlləsində də mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqi öz əksini tapır. Məcəllənin yeni formada qəbulundan ötən 7 il ərzində isə nə hiss olunacaq dərəcədə yeni qurumlar yaradılmayıb, nə də Mənzil İstismar Sahələrinin hökmran mövqeyi zəifləyib. Hansı ki, sonuncuların fəaliyyətindən əhali razı görünmür.

Şəhər sakini: “Təmizliyə riayət etmirlər, bloklara baxmırlar. Oraları özümüz süpürürük, zibilləri özümüz yığışdırırıq.

Şəhər sakini: “Nə evlərə baxırlar, nə kanalizasiyaya, nə istilik sistemlərinə

Şəhər sakini: “Heç biri işləmir, heç biri də fəaliyyət göstərmir. Sadəcə adları var. Nə iş var hamısını özümüz öz vəsaitimiz hesabına görürük”.

Yeni qurumların yaradılmasında məqsəd də məhz əhalinin bu istiqamətdə olan narazılığının aradan qaldırılmasına hesablanıb. Təbii ki, müəyyən ödəniş müqabilində. Hansı ki, indi də MİS-lərə həmin ödənişlər qüvvədədir. Lakin bunun müqabilində xidmətin yox səviyyəsində olması, yəni bu qurumun özünü doğrultmaması bir neçə səbəblə izah edilir.

Samir Əliyev- iqtisadçı ekspert: "Birincisi, vəsait kifayət etmir. İkincisi, kadr çatışmazlığıdır. Üçüncüsü isə, ayrılan pulların nə qədər səmərəli istifadə olunmasıdır".

MİS-lərin fəaliyyəti və bu fəaliyyətdən irəli gələn sakin narazılığı göz qabağında olsa də, bu gün Respublika ərazisində Mənzil Məcəlləsində nəzərdə tutulan yeni idarəetmə metodlarının tətbiqi ləng gedir. Respublika üzrə cəmi 31 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib ki, onlardan da biri Abşeron, digər 30-u isə Bakıda fəaliyyət göstərir. Mənzil İstismar Sahələrində olduğu kimi Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə də dövlət dəstəyi nəzərdə tutulub.

Mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini hazırlamaq və həyata keçirilməsini təmin etmək məqsədi ilə İqtisadiyyat Nazirliyi tərəfinfən əhalinin maarifləndirilməsi görülməli olan tədbirlərin bir hissəsidir. Gəncədə "Mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi" mövzusundakı dəyirmi masada məhz mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq idarə edilməsi, lazımi səviyyədə saxlanmasının təşkili, eləcə də sahə mülkiyyətçilərinin idarəetmədə yaxından iştirakının vacibliyi məsələsi önə çəkilib.

Gülnar Fazilqızı