• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 12.08.2024 20:01

Kütləvi zəhərlənmə hadisəsi baş verib

KepezTV Player

Kütləvi zəhərlənmə halı ilə bağlı Abbas Səhhət adına xəstəxanaya 83, Zülfüqar Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər müraciət edib. Əlavə olaraq, 9 zərərçəkmiş Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Səhiyyə müəssisələrinə müraciət edən xəstələrin hamısı yas mərasimində qəbul etdiklərini qidalardan sonra bu vəziyyətə düşdüklərini bildiriblər.

Zəhərlənən şəxs: “Saat 3-dən burdayam. Bircə orda yemək yedik, 1 saat çəkmədi, bu vəziyyətə qaldıq. Xiyar-pomidor, halva idi”.

Xəstə yaxını: “Mən yaxşıyam, amma yoldaşımın vəziyyəti kritikdir. Hələ onun arxasınca gedib-gəlirəm”.

Elyar İsmayılov - xəstə yaxını: “Bacım zəhərlənib, bacımın 3 övladı zəhərlənib. Yəqin ki, yas yerindəki qidadandır. Vəziyyət odur ki, bu dəqiqə çalışırlar ki, qusdursunlar- mədə yuyulsun, sistemlər qoyulub. Vəziyyət demək olar ki, ağırdır”.

Abbas Səhhət adına xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsindən verilən  məlumata görə, vətəndaşların kütləvi müraciətləri arasında yüngül, orta-ağır və ağır olan xəstələr olub. Protokola görə xəstələrə ilkin tibbi yardım göstərilib, mədələri və bağırsaqları yuyulub.

İradə Dəmirova- həkim: “Bütün xəstələrdən analizlər götürüldü, bütün xəstələrin mədələri yuyulur, bağırsaqları təmizlənir və bir də intoksikasiya əleyhinə yardımlar göstərilir. Bununla bərabər göstərişlər verilibdir - biz qusuntu kütləsi və ya yuyuntulardan, qandan analiz götürmüşük. Sanitar-epidemioloji stansiyalara baktereoloji müayinələrə göndərmişik.

Yas mərasimi keçirilən yerdən bildiriblər ki, verilən yeməklər digər mərasimlərdə olan qidalardan fərqli olmayıb. İstifadə olunan məhsulların hamısı şəhər bazarlarından alınıb.

Mahir  Cəfərov- mərasim sahibi:Ehsanda adətən basdırılan gün Gəncə diliylə desək, “bozartma” verdik. Ondan sonra əsasən öz ailəmizdə, qardaşımın ailəsində narahatçılıq hiss etdik. Gördük ki, bəli, bu, verilən ehsandan ola bilər. Aidiyyəti  qurumlar da gəldi, bütün burda verilən ehsanın hər bir hissəsindən nümunələr götürüldü, qablaşdırdılar. Yuxa var idi, çörək var idi, verilən yeməklər halva olub, bir də sulu ət yeməyi olub”.

AQTA əməkdaşları tərəfindən mərasimdə istifadə olunan bütün qidalardan nümunələr götürülüb. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanılıb. TƏBİB-dən verilən son məlumata görə, kütləvi zəhərlənmə səbəbindən xəstəxanalara ümumilikdə 105 nəfər müraciət edib. Onların hamısının vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Baş verən zəhərlənmə halında dünyasını dəyişən olmayıb.

Kütləvi zəhərlənmə halı Göygöldə də baş verib. Belə ki,  rayon ərazisində yerləşən müxtəlif restoranlardan 42 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya çatdırılıb. Onlara zəruri tibbi xidmətlər göstərilib və müalicə prosesindən sonra evə yazılıblar.

Havaların isti keçdiyi bu dövrlərdə zəhərlənmə hallarına tez-tez şahid oluruq. Bunun başlıca səbəbi isə qida məhsullarının saxlanılmasına düzgün riayət olunmamasıdır.

Səbinə Əsgərova- AQTA-nın əməkdaşı: Heyvan mənşəli qidalar, xüsusilə balıq məhsullarının bişirilməsi və saxlanılması prosesində müvafiq temperatur rejimi gözlənilməlidir. Qidaların soyuq mühitdə soyuducuda saxlanılması, üstünlük verilən praktiki və düzgün saxlanılma üsuludur. Soyuducunun temperaturunun 1 və 4 dərəcə arasında saxlanılması məsləhət görülür. Hazır və çiy qidaların ayır-ayrı rəflərdə saxlanılması kiflənmənin qarşısını alır. Eyni zamanda soyuducunun içindəki havanın asanlıqla sirkulyasiya etməsi üçün rəflərin çox dolu olmamasına diqqət yetirilməlidir.

Qida vasitəsilə yaranan xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün tövsiyələrə mütləq əməl etmək lazımdır. Xüsusilə də istifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları istifadə etmək olmaz.

Tünzalə Haxverdiyeva- həkim: İlk növbədə, bu insanlar yedikləri qidalara diqqət yetirməlidirlər ki, hansı qidaları qəbul edirlər və bu qidalar hansı şəraitdə saxlanılır. Misal üçün, istifadə qaydasına riayət etməlidirlər. İstidə spirtli içkilərdən çox istifadə edirlər, bəzi  rəngli içkilər var, çox istifadə edirlər. Bunlar hamısı insan orqanizmində qida toksiki infeksiyaların yaranmasına gətirib çıxarır. Mədə bulanmaları, qusmalar, başağrıları olur, bəzən bu simptomlar yüngül formada olanda öz-özünə keçir, amma ağır formada olanda onlar mütləq həkimə müraciət etməlidirlər”.

Havanın temperaturu yüksək olduqda qida məhsullarında müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Hər bir istehlakçı məhsul seçərkən ilk növbədə onun xarici görünüşündə, rəngində, qoxusunda, dadında və digər əlamətlərində hər hansı bir dəyişikliyin olub-olmamasına diqqət yetirməlidir.