• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1201
— 09.07.2024 18:39

Vahid tələbə kartı ilə xüsusi imtiyazlar

KepezTV Player

Tezliklə tələbələr üçün vahid kart sisteminin tətbiqinə başlanılacaq. Artıq tələbələr bu çoxfunksiyalı kartlardan həm ictimai iaşə obyektlərində, həm də ictimai nəqliyyatda istifadə edə biləcəklər. Bəs vahid tələbə kartı nə vaxt veriləcək?

Tələbə həyatı deyəndə, bərabərində müəyyən çətinliklər də göz önünə gəlir. Ailədən, yaxınlarından uzaqda qalmaq, məişət problemlərini özü həll etmək məcburiyyəti, maddi ehtiyaclar və s. kimi məsələlərlə bu siyahını uzatmaq olar. Buna görə də xarici ölkələrdə tələbələrə xüsusi güzəştlərin olduğu kartlar verilir. Həmin kartlar vasitəsilə artıq ölkəmizdə də tələbələr bir çox imkanlardan yararlana biləcəklər.

Tələbə: “Məsələn, mən Göygöldə yaşayıram. Təhsil almaq üçün Gəncə şəhərinə universitetə gəlirəm. Gün ərzində ictimai nəqliyyat və taksidən istifadə edərkən elə olur ki, təqaüdüm yetmir. Ona görə kartın tətbiq edilməsi məncə üstünlükdür”.

Tələbə: “Gün ərzində universitetə gediş-gəlişə 2-3 manat çıxır. Təqaüdümüz da bir tələbənin aylıq ehtiyaclarını ödəmək üçün çox azdır. Buna görə tələbə əgər ailədən də gəliri yoxdursa, işləmək məcburiyyətində qalır. Bu da onun təhsil həyatına, dərsinə mənfi təsir göstərir. Ona görə də düşünürəm ki, ictimai nəqliyyat və digər xərclər tələbələr üçün endirimli olsa daha yaxşı olar”.

Tələbə: “Tələbələrə hər hansı güzəştlər tətbiq oluna bilər. Xaricdə tətbiq olunur. Avstriya, Almaniya, 2010-cu ildən etibarən Avropanın digər ölkələrində də... Məncə, bizdə də tətbiq olunsa yaxşıdır, tələbə kartı tələbəyə çox kömək ola bilər”.

Ekspertlər deyir ki, vahid tələbə kartının tətbiqinə başlanılması mühüm bir addımdır. Bu, tələbələrin təhsil həyatına da müsbət təsir edə bilər. Çünki maddi ehtiyaclara görə işləyən bir çox tələbə var.

Elçin Əfəndi- təhsil eksperti: “Vahid tələbə kartından istifadə istər Avropa ölkələri olsun, xüsusilə daha çox Böyük Britaniya, Fransa, Hollandiya kimi ölkələrdə istifadə olunur. Şərq ölkələrinə baxsaq, biz Cənubi Koreya və Yaponiyada məhz bu tələbə kartlarından geniş istifadəni görərik. Ölkəmizdə isə bu kartlardan istifadə olunması düşünürəm ki, tələbələr üçün geniş imkanlar açacaq. Təkcə bunun bakalavr və magistratura pilləsində deyil, eyni zamanda orta-ixtisas təhsili müəssisələrində təhsil alan subbakalavrlar üçün də tətbiq olunması bütün bu arealda təhsilalanların hər birini əhatə edir və burda vahid bir şəbəkə yaratmaq olar”.

Vahid tələbə kartı layihəsinin məqsədi ölkədə ali məktəb tələbələrinin sosial-maddi rifahının yaxşılaşdırılmasından ibarətdir. Bu kart vasitəsilə tələbələr həm də dərsdənkənar fəaliyyətləri zamanı da xüsusi imtiyazlardan faydalana biləcəklər. Bəs bu güzəştlər nədən ibarət olacaq?

Elnur Nəsibov- Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri: “Bizim məqsədimiz vahid bir tələbə kartının hazırlanmasıdır. Hansılar ki, bu, həm bank ödəniş vasitəsi kimi istifadə olunsun, universitetə giriş kimi istifadə olunsun. Müxtəlif şəbəkələrin, mağazaların xidmətlərindən istifadədə tələbələr üçün müəyyən güzəştlər əldə olunsun. Müvafiq qurumlarla razılaşdırıldıqdan sonra nəqliyyat məsələsində avtobus və metro kimi məsələlərdə üstünlük əldə etsinlər. Bu sahədə yaxından iş aparılır. Yeni tədris ilində bu, təqdim oluna bilər”.

Qeyd edək ki, bu kart həm də tələbələrin təqaüd kartı olacaq.

Aişə Rzayeva