"Gün qripi". Bu adla həkimə edilən müraciətlərin sayı elə də az olmur. Əsasən havalar isinəndən sonra müşahidə edilən bu halın heç Günəşlə əlaqəsi yoxdur. Sadəcə el dilində bu cür adlanan hal başqa xarakterli xəstəliyin əlamətidir.
Son vaxtlar el arasında “gün qripi” kimi bilinən yay qripinə yoluxanların sayı artıb. Bu xəstəliyin adi qripdən fərqli olaraq soyuqdəymədən yox, əksinə istivurmadan və günvurmadan yayıldığı deyilir. Burun axması və öskürək isə bu qripin əsas simptomlarından sayılır.
Aydın Həsənov- şəhər sakini: “Gün qripi məndə olmur, amma insanlarda olur. Onlarda əsas başhərlənməsi, burunaxması olur, özlərini halsız hiss edirlər. Günün altında dayanmaq lazım deyil. Çünki gün şüası düşür, o çox ziyandır. Xüsusilə isti hava vaxtı”.
Almaz Məhəmmədova- şəhər sakini: “Günəşdən allergiyamız olur. Asqırırıq. İstəyərik heç olmasın. Məcbur çətir götürürük, eynək taxırıq. Ayrı nə edə bilərik?! Ancaq kölgə ilə gəzmək lazımdır”.
Tahirə Hüseynova- şəhər sakini: “Gərək çalışasınız günün altında durmayasınız. Saat 12-dən 5-ə qədər məsləhət görmürlər. Günün şüaları lap güclüdür. Bir səhərlər, bir də axşamlar gəzmək olar. Nəticədə də gün gripi yaranır”.
Rəsmiyyə Rəhimova- şəhər sakini: “Gün qripi olur, tez-tez olur. Hava ilə əlaqəlidir. İstilər olur, yəqin ona görədir. Başağrısı olur, burun tutulur”.
Aygün Bədəlova- şəhər sakini: “Bizim ailədə gün qripi oluruq. Sadəcə günün altında çox durmaq olmaz. Kepka qoyuruq, baş geyimlərindən istifadə edirik. 11-dən 5-ə qədər bayırda mümkün qədər olmamaq lazımdır. Simptomları asqırmaq, burun axıntısı hamının bildiyi kimi”.
Gün qripinin simptomları adi qripə yox, məhz allergik xəstəliklərin simptomlarına bənzəyir. Həkimlərin sözlərinə görə, əhali arasında yayılan bu qrip növünün əslində qrip xəstəliyinə heç bir aidiyyəti yoxdur. Sadəcə yaz-yay ayları olduğundan bəzi insanların müxtəlif allergik xüsusiyyətləri oyanır və bunu gün qripi kimi adlandırırlar.
Şirxan Vəliyev- həkim: “İnsanlar arasında gün qripi kimi tanınan, əslində dezinformasiya şəklində yayılan bu xəstəlik xüsusən yay vaxtlarında, ağacların meyvələnən, çiçəklənən vaxtlarında daha çox görünən allergik rinit xəstəliyidir. Bir çox ağacların tumurcuqlarına qarşı, meyvələrə qarşı, hətta bəzən günəşə qarşı bəzi orqanizmlərdə allergik reaksiya olur və bunun nəticəsində bədəndə allergik rinit formalaşır və buna el arasında “gün qripi” deyirlər. Bu, xəstələrdə burun axıntısı daha çox öskürəklə özünü göstərən bir xəstəlikdir. Adətən 5 gün, 1 həftə ərzində keçib gedən bir xəstəlikdir”.
Həkimlər “gün qripi”nin müalicəsində antibiotik dərmanlardan istifadəni tövsiyə etmirlər. Mövsümi xəstəliyə ən çox yoluxanlar isə əhalinin yaşlı təbəqəsi və uşaqlardır. Belə şəxslər qidalanmasına xüsusi diqqət yetriməli, vitaminlə zənginləşdirilmiş məhsullar və mövsümi meyvə-tərəvəz qəbul etməlidirlər. Bu halda allergik xəstəlikdən tez can qurtarmaq mümkündür.
Pərvin Abbaszadə
- Baxış: 367