• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 15.06.2024 16:28

Kəsim və satış məntəqələrində dezinfeksiya işləri aparılıb

KepezTV Player

Qurban bayramı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qurbanlıq heyvanların kəsimi və satışı məqsədilə xüsusi məkanlar müəyyən edilib. Gəncə və ətraf rayonlarda da belə məntəqələr vətəndaşlara xidmət edəcək. Artıq həmin yerlər prosesə tam hazırdır.

Qurban bayramı günlərində müəyyən norma və qaydalara əməl etməklə qurbanlıq heyvanların kəsimi və satışı müvafiq ərazilərdə yerinə yetirilir. Gəncə və Göygöldə də ümumilikdə 8 məntəqə bu məqsədlə fəaliyyət göstərəcək. Bayramdan öncə təyin olunan məkanlarda avadanlıqlar və qəssabların sayı artırılıb, cari təmir işləri görülüb. Eyni zamanda AQTA tərəfindən profilaktik qabaqlayıcı tədbirlər yerinə yetirilərək dezinfeksiya işləri aparılıb.

Mahmud Məmmədov- məntəqənin nümayəndəsi: “Bizim kəsim məntəqəmizdə həm satış, həm də kəsim həyat keçirilir. AQTA-nın göstərişlərinə yüksək səviyyədə əməl olunur. Bundan başqa digər qayda və qanunlara da riayət edirik. Yeni asılqanlarımız qoyulub. Adi günlərdə qəssablar 4-5 nəfər olurdusa, bayramda gücləndirilmiş iş rejimnə keçmək üçün 10-12 nəfər qəssəb dəvət olunub ki, sakinlərimizi rahat şəkildə yola salsınlar. Bütün tamamla işləri gedib, məntəqəmiz Qurban bayramına hazırdır”.

Samuxda da 2 kəsim və satış məntəqəsi bayram günləri sakinlərə xidmət göstərəcək. Tatlı kəndi yaxınlığındakı məntəqədə hətta müasir kəsim avadanlıqları da var ki, bu iribuynuzlu heyvanların rahat şəkildə kəsiminə şərait yaradacaq.

Elmir Sarıyev- məntəqənin nümayəndəsi: “Bizdə bu avadanlıq halal kəsim üçündür. Heyvana əziyyət vermədən aparata daxil olur, “bismillah”la kəsirsən. Bu, hər kəsim məntəqəsində yoxdur. Bizim məntəqədə bir gün ərzində 100-ə yaxın iribuynuzlu və 150-dən artıq xırdabuynuzlu heyvan kəsmək mümkündür. Məntəqəmiz Qurban bayramına görə ideal vəziyyətdə hazırdır”.

Demək olar ki, bütün kəsim və satış məntəqələrində baytarlıq nəzarəti həyata keçiriləcək və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bunun üçün məkanların hamısında AQTA-nın əməkdaşları prosesi nəzarətdə saxlayacaqlar. Qurumun mətbuat xidməti də əhaliyə çağırış edərək qurbanlarını məntəqələrdən kənarda kəsməməyi tövsiyə edib.

İlkin Kərimov- AQTA-nın mətbuat katibi: “Siyahısı açıqlanan yerlərdən kənarda qanunsuz kəsim halları müşahidə edildikdə sərt tədbirlər görüləcək. Həm agentlik, həm də müvafiq qurumlar qanunsuz hallarla bağlı zəruri addımlar atacaq. Ona görə də vətəndaşlardan xahişimiz ondan ibarətdir ki, yalnız siyahısı açıqlanan yerlərdə kəsim və satış həyata keçirsinlər. Təyin edilmiş yerlərdən kənarda qanunsuz kəsim, satış halları ilə bağlı aidiyyatı qurumlara, o cümlədən də agentliyin 1003 çağrı mərkəzinə zəng vuraraq məlumat verə bilərlər”.

Gəncə-Daşkəşən Regional bölmənin inzibati ərazisində 12 məntəqə fəaliyyət göstərəcək. Ötən ildən fərqli bu ildə məntəqələrin sayı artırılıb. Daşkəsən və Goranboyda da əlavə məntəqələr yaradılıb. Vətəndaşlar bayram günləri təyin olunan bütün məkanlarda səhər saat 8-dən axşam 20-dək heyvanları sata, ala və ya kəsdirə biləcəklər.

Orxan Cəfərzadə