• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 07.06.2024 19:37

Günvurmadan qorunmaq lazımdır

KepezTV Player

Yaz mövsümündə olmağımıza baxmayaraq, havaların anomal keçməsi insanları təəccübləndirir. Uzun sürən qeyri-sabit hava şəraitindən sonra qəfil düşən istilərin şahidiyik. Ən maraqlısı isə budur ki, belə istilərdən halı pis olaraq təcili yardıma müraciət edənlər də olub. Açıq havada olmaq sağlamlığın açarlarından biridir. Ancaq, günün isti saatlarında diqqətli olmaqda fayda var.

Günvurma uzun müddət açıq havada qalma nəticəsində baş verir. Bədənin həddindən artıq hərarətlənməsindən yaranan vəziyyətdir. Hansı ki, orqanizmin vacib funksiyalarının pozulmasına səbəb olur. Əgər insan uzun müddət istidə və ya Günəş şüaları altındadırsa, günvurma başverməsi qaçılmazdır. Bu vəziyyət ilk növbədə beyin, ürək-damar, tənəffüs sistemi və digər orqanlara təsir edir.

Gördüyünüz qədəriylə günün ən isti vaxtı, yəni günorta saatlarıdır. Ancaq buna baxmayaraq, şəhər ərazisində sakinlərin hərəkəti müşahidə edilir. Şəhər sakini: “İş yerində şəraitimiz yaxşıdır, kondisioner işləyir, evdə kondisioner işləyir, çalışırıq çox çölə çıxmayaq. Əlbəttə ki, çətirdən istifadə etmək lazımdır, üstündə su götürmək lazımdır ki, günvurma hadisələri baş verməsin”.

Şəhər sakini: “Çalışıram lap belə qaynar, gün pik həddə çatanda çölə çıxmayım. Əgər istidirsə, çətirdən istifadə edirəm. Su mütləq lazımdır, onsuz mümkün deyil”.

Şəhər sakini: “Günün isti vaxtında ancaq ağacların altında durmaq lazımdır. Evdə sərin bir yerdə oturmaq, günün qabağına çıxmamaq şərti ilə. Bununla da sağlamlığı qorumaq olar”.

Şəhər sakini: “Mümkün qədər evdən çölə çıxmamalısan. Axşam sərində çıxmaq daha məsləhətlidir. Amma məcburiyyət qarşısında olanda hamı çıxır”.

Şəhər sakini: “Gün çıxan vaxtı çölə çıxmıram. Daha çox gecələr gəzirəm. Çölə çıxdığım vaxtlar isə ağ rəngli kətan paltarlara üstünlük verirəm. Düzdür, indi geyinməmişəm, amma çox vaxt istifadə edirəm. Günvurma, başgicəllənmə kimi fəsadlar yarada bilər”.

Şəhər sakini: “Çölə çıxarkən birinci günvurmadan çəkinmək lazımdır, yəni günün altında olmamaq lazımdır. Yayda da suyu daha çox qəbul etmək lazımdır. Əsas günvurmadan qaçmaq lazımdır. Günə qarşı çətirdən, gün papaqlarından istifadə etmək lazımdır. Bəzi adamlar var onlara daha çox, xüsusən də yaşlı adamlara daha çox təsir edir”.

Havalar isinən son günlər ərzində Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə müraciətlərin sayında artım müşahidə olunur. İyun ayı ərzində günvurma şikayəti ilə müraciət edən vətəndaşların əksəriyyəti isə yaşlı nəslin nümayəndələridir.

Gülnarə Həşimova- həkim: “Həmişə bizə günvurmayla əlaqədar, daha doğrusu istivurmayla əlaqədar müraciətlər daxil olur. Biz bununla ən çox küçələrdə, ictimai yerlərdə rastlaşırıq. Ürəkbulanma olur, xəstənin gözlərində qaralma olur, huşunu ani olaraq itirir, yaxud uzunmüddətli - huşunu bir neçə dəqiqəlik itirir. Ən ağır günvurmalarda qıcolmalara da rast gəlinir. Xəstə sərin yerə keçirilməlidir, əynindəki dar paltarlardan azad edilməlidir, əgər varsa sərin içkilər verməlidir və əgər mümkündürsə onu soyuq, isladılmış mələfəyə bükmək lazımdır”.

Günvurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, eyni zamanda, istiliyin orqanizmə təsir müddətindən də asılıdır. Yay mövsümünün qızmar günlərinin hələ qabaqda olmasını nəzərə alaraq, özümüzü günvurmadan və onun ağır nəticələrindən mümkün qədər qorumalıyıq.

Pərvin Abbaszadə