• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 28.05.2024 19:55

Danışıqlarla Azərbaycana qaytarılan kəndlərimiz

KepezTV Player

Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri artıq rəsmən Dövlət Sərhəd Xidmətinin nəzarəti altındadır. Bu kəndlərin 1 güllə belə atılmadan qaytarılması ölkəmizin suverenliyinin təmin olunmasında tarixi addım sayılır.

Qızılhacılı kəndinin girişində Məzəm çayından qidalanan Abbasbəyli su anbarı yerləşir.

Qızılhacılı 1992-ci il mayın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kəndin 45 min 359 hektara yaxın meşə sahəsində palıd, fıstıq, vələs, dəmirağac kimi qiymətli ağac növləri yetişir ki, ermənilər işğal dövründə həmin ağacları kütləvi şəkildə qıraraq talan ediblər. Azərbaycan və Ermənistanın birgə apardığı delimitasiya işləri nəticəsində yaşayış məntəqəsi tarixi sahiblərinə qaytarılıb. Qazaxın rəmzi sayılan Göyəzən dağı da bu kənddən daha ecazkar görünür. Geri qaytarılan Bağanis Ayrım Ermənistanla Qazaxın sərhəddə olan sonuncu kəndidir. Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşən Bağanis Ayrımda heç bir evin izi qalmayıb. Artıq 30 ildən sonra Azərbaycan sərhədçiləri bu kəndə nəzarət edir. Kəndin demək olar ki, böyük bir hissəsi minalarla çirkləndirilib. Hazırda yaşayış məntəqəsində minatəmizləmə işləri sürətlə davam edir. Vurğulayaq ki, mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib və Komissiyaların müvafiq Protokolu imzalanıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazaxın 4 kəndinin – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycana qaytarılması təmin edilib.

Vüsalə Cənnətova