Bakıdan Gəncəyə və əks istiqamətə indi daha rahat və komfortlu avtobuslarla gedib gəlmək mümkündür. Sərnişindaşımada yeni avtobusların istifadəyə verilməsi təhlükəsizliyi təmin etməklə göstərilən xidmətin səviyyəsini də qaldıracaq.
Müstəqilik Günü ərəfəsində Bakı – Gəncə – Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib. Vətəndaşların daha rahat və təhlükəsiz daşınması üçün səfərlər artıq “Neoplan” və “Man” markalı avtobuslarla həyata keçirilir. Bununla da uzun müddətdən sonra ilk dəfə olaraq şəhərlərarası daşımalarda tam yeni avtobuslar istismara verilib. Sərnişin: “Köhnə avtobuslara nisbətən içi təmzidir, komfortludur. Görürük, gələn insanlardan məlumdur. Hamı gəlib, bu avtobuslara minir. Allah dövlətimizi qorusun! Köhnəsi bir də gördün yolda qalırdı, səs çıxarırdı. Bunun heç nəyi yoxdur. Yeni maşındır. Nə olur olsun, yeni olsun. Yeninin yerini heç nə vermir. İçinin zibili yox, ağzımıza toz dolmur, əsas odur”.
Sərnişin: “Həm komfortu, həm təhlükəsizliyi, həm tez gedəcəyik, inşallah. Sağ-salamat gedək, başqa bir şey istəmirik. Avtobuslar çox rahatdır, çox gözəldir. Allah razı olsun, bunu bura gətirən, bizə istifadəyə verəndən”.
Sərnişin: “Çox rahat, çox gözəl avtobusdur. Görünüşü də superdir. Biz bura gələndə bərbad avtobusla gəldik, amma indi gedəndə ləzzətlə gedəcəyik. Sağ-salamat da gedib çatacağıq. Allah köməyi olsun bu yeni avtobusları Gəncəyə verənin ki, biz rahat gedək, sərnişin rahat gəlsin, rahat da getsin”.
Yeni şəhərlərarası avtobuslarda ilk növbədə təhlükəsizlik və komfort ön plana çıxır. Avtobus sərnişinlərin uzunmüddətli səyahətlərdə daha rahat olmaqları üçün komfortlu oturacaqlarla təchiz olunub. Eyni zamanda müasir texnologiyaya sahib avtobuslarda sürət tənzimləyiciləri, təcili əyləc sistemi kimi xüsusiyyətlər qəzaların başvermə riskini minimuma endirir. Hər bir avtobusda yerləşdirilmiş təhlükəsizlik kameraları isə səyahət edən insanların və əşyalarının təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli rol oynayır.
Sərxan Abbasov- perron nəzarətçisi: “Uzun aradan sonra Gəncə-Bakı-Gəncə istiqamətinə yeni avtobuslar verilib. Bunlar “Neoplan” markalı avtobuslardır. Burda məqsəd sərnişinlərin rahat səyahət etməsi, rahatlıq keyfiyyətinin artırılmasıdır. Sərnişinlərimizdən xahişimiz odur ki, ya onlayn ya da kassalara yaxınlaşaraq biletlərini alıb, yeni markalı avtobuslarımızla mənzil başına tam gedə bilərlər. Təzə avtobusların fərqi ondadır ki, 2024-cü il buraxılışıdır. Rahat, müasir, komfortlu”.
49 nəfər sərnişin tutumuna malik avtobuslar Bakıdan saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncədən isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşür.
Aişə Rzayeva
- Baxış: 307