Qiymətlər baha, alıcı isə az. Son vaxtların qeyri-sabit hava şəraiti məhsuldarlığa ziyan vurmaqla qiymətlərin baha olmasını şərtləndirir. Ələlxüsus da nübar meyvələrin qiymətində bunu görmək olur.
Bazarda meyvə-tərəvəz bol, qiymətlər isə bahadır. Satıcılar isə dayanmadan piştaxta arxasından müştəri səsləyir. Bahalaşma əsasən özünü yaz meyvələrinin qiymətində göstərir. Qiymətlərlə bağlı alıcıların fikirlərini öyrəndik. Cavablar isə müxtəlif oldu...
Alıcı: “Bahadır, hamısı bahadır. Yazıqlar od qiymətinə alır, məcburdur ki, o malı satmağa. Alırlar, qoyurlar qabağına, amma sata bilmirlər. Nədir, çörək puluna görə. Ordan 10 qəpik, 20 qəpik pul alır. Alıcı qüvvəsi yoxdur”.
Alıcı: “Belə, qiymətlər ortadır. Göyərti bahadır. Çiyələk 4 manata, əlbəttə bahadır”.
Alıcı: “Baxır meyvəyə. Hamı alıb, yeyə bilsə yaxşıdır. Bir az ucuz olsa daha yaxşı olar”.
Alıcı: “Pensiya almışdım, gəldim nübardır, az da olsa aldım. Bahadır. Yəni baha da deyəndə, adam bilmir nə desin. Çünki ciyələyi 3 manata, lobyanı 2.5-yə aldım”.
Bazarlarda meyvələrin qiymətinin baha olmasında ilk amil mövsümi faktorlardır. Belə ki, hava şəraiti bəzi məhsulların yetişməsi üçün əlverişli olmadığına görə satışa çıxarılanlar əsasən istixanalarda becərilənlərdir. Bu amil də bazar qiymətlərinə öz təsirini göstərir.
Satıcı: “Çiyələk 3 manat, tut 4 manat, ərik 4 manat, gilas 4 manat. Alıcı zəifdir. Ona görə ki, hər şey bahadır. Gətirən deyir, pul yoxdur. Gələn də eyni şeyi deyir, gəlib ala bilmir. Gətirən deyir; mən bunu satıb, bir şey almalıyam, baha verir. Mən də baha satıram. Bazara da gələn yoxdur. Tələbat, satış ümumiyyətlə yoxdur. Bazara baxın, ancaq satıcılardır”.
Satıcı: “Gilasın alışı 5 manatdır. Alçanın alışı 4 manatdır. Yəni çox baha gəlir. Çiyələyin alışı 3.50-dir. Alışı da ki, bir az baha gəlir. Üstünə 20 qəpik qoyuruq. Elə bil 3 manata alıb 3.50-yə satırıq, 3.20-yə satırıq”.
Satıcı: “Çiyələk 4 manat, alça 2-yə də var 5-ə də var, gilaslar 8-ə var. Üstünə 1 manat qoyuruq, ancaq tələbat zəifdir. Alıcı qüvvəsi çox zəifdir”.
Mütəxəssislərin sözlərinə görə, bu il məhsul kifayət qədər bol olub. Amma qeyri-sabit hava şəraiti ağaclarda və bostanlarda olan meyvə-tərəvəzin bir qismini yararsız hala salıb. Ona görə də fermerlər əllərində olan yaxşı məhsulu baha qiymətə satmağa başlayıblar.
Hüseyn İdrisov- ADAU-nun Bağçılıq Kafedrasının dosenti: “Builki hava şəraitindən asılı olaraq əksər çəyirdəkli bitkilərin, hansı ki, onlar tezyetişən meyvələrdir - ərik, alça, gilas və s. yağış bunların çiçəkləmə dövrünə düşdüyündən əksər meyvələrin tutma faizi çox aşağı oldu. Hər yerdə olan bahaçılıq istər-istəməz məhsul satanlara təsir edir, heç olmasa öz ailə büdcələrini artırmaq üçün qiymətlərdə müəyyən qədər gəlir gətirmək üçün bir qədər faiz qoyurlar”.
Hüseyn İdrisov həmçinin diqqətə çatdırdı ki, bazarlarda kənd təsərrüfatı məhsullarının, ən əsası meyvələrin qiymət artımının qarşısının alınması üçün ən vacib çıxış yolu məhsuldarlığın daha da artırılmasıdır.
Pərvin Abbaszadə
- Baxış: 6281