• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1568
— 20.05.2024 19:48

Əczaçı olacaq ən yaşlı əcnəbi tələbə

KepezTV Player

Məlumdur ki, hər il minlərlə azərbaycanlı tələbə təhsil almaq üçün xarici universitetlərə üz tutur. Bununla yanaşı əcnəbi tələbələrin də ölkəmizdəki ali məktəblərə marağı böyükdür. Bu universitetlər sırasında Azərbaycan Dövlət Aqrar Universiteti də var ki, bu gün həmin ali təhsil ocağını seçən Türkiyəli tələbədən danışacağıq. Gəncədə ali təhsil alan ən yaşlı əcnəbi tələbədən. 

Türkiyənin Antalya şəhərindən olan Can Gültəkin əczaçılıq üzrə təhsil almaq üçün Azərbaycana üz tutub. Daha doğrusu, Azərbaycan Dövlət Aqrar Universitetini seçib. Bu istiqamət üzrə 2-ci təhsil almaqda qərarlı olan qardaş ölkə təmsilçisi seçim edərkən təhsil alacağı şəhəri, universiteti və şərtləri xeyli araşdırıb.

Can Gültəkin- Türkiyədən olan tələbə: “Türkiyədə uzun müddətdir əczaçılıq üzrə ixtisas görmək istəyirdim. Əczaçılıq marağımı çəkirdi. Xeyli araşdırdım - başqa ölkələrə baxdım, Türkiyəyə baxdım, şərtlərə baxdım. Azərbaycan mənə uyğun gəldi. Buranın imkanları, şərtləri, laboratoriyası, tədrisi olsun, internetdəki rəylərə də baxaraq buranı seçdim. Buraya gəldiyimə də heç peşman deyiləm. Çox rahatam. Gəncəni seçdim, çünki Gəncə mənə görə daha sakit, daha rahatdır. Çoxlu meşəlik əraziləri var”.

Gəncənin təbiəti qədər universitetdə yaradılan imkanlar Can Gültəkini nə qədər özünə çəksə də, uyğunlaşma prosesi bir qədər vaxt tələb edib. Cari tədris ili boyu dərslərə hazırlaşmaq, müəllimləri və tələbə yoldaşları ilə qurulan ünsiyyət baryerləri keçmək üçün əsas olub.

Can Gültəkin- Türkiyədən olan tələbə: “Əvvəllər dil sarıdan çətinlik çəkdim. Ancaq dillər oxşar olduğu üçün indi heç bir çətinlik çəkmirəm. Başa düşürəm, müəllimlərim də hər hansı bir çətinlik olduğu halda kömək göstərirlər, cavabımı alıram. Bir çətinliyim olduğu zaman mənə kömək etdikləri üçün buranı seçdiyimdən çox məmnunam. 1 ildir burdayam. 3 il daha Azərbaycanda, Gəncədə qalacam”.

Türkiyəli tələbə ixtisaslı əczaçı kimi Türkiyədə fəaliyyətini davam etdirmək, daha doğrusu genişləndirmək niyyətindədir. Elə Azərbaycanda qalıb, əczaçı kimi Gəncədə çalışmaq da arzusudur Can Gültəkinin.

Can Gültəkin- Türkiyədən olan tələbə: “Azərbaycanda əczaçı olmağı düşünürəm. Qismət, görək 3 ildən sonra nə olacaq? 51 yaşım var. Bu yaşda olsam da, heç vaxt təhsil ala bilməyəcəyimi düşünmürdüm. Çünki 70-80 yaşında olsanız belə, təhsil ala bilərsiniz. Yalnız oturun, dinləyin və öyrənin. Hələ belə rahat bir mühitdə öyrənmirsinizsə, heç gəlməyin”.

"Oxumağın yaşı yoxdur" deyimi Gəncədə təhsil alan ən yaşlı xarici tələbinin timasalında bir daha özünü təsdiqləyir. Yaşı 50-dən çox olsa da arzuların arxasınca getmək, hədəflərinə çatmaq üçün bilik almaqdan əl çəkmək lazım deyil. Oxumaq nə yaş, nə də sərhəd tanıyır.

Aişə Rzayeva