Gəncədə məktəb şagirdləri arasında qanlı insident baş verib. Mübahisə nəticəsində bıçaq xəsarəti alan məktəbli xəstəxanaya yerləşdirilib.
Hadisə Gəncənin 17 N-li orta məktəbində oxuyan şagirdlərin iştirakı ilə baş verib. Dərsdən sonra və məktəb ərazisindən kənarda şagirdlərin mübahisəsi 2008-ci təvəllüdlü Raul İbrahimovun bıçaq xəsarəti alması ilə nəticələnib.
Nərgiz Həsənova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri: “May ayının 2-də Gəncə şəhər 17 saylı tam orta məktəbin şagirdləri arasında insident baş vermişdir. İnsident məktəbdən kənar yerdə baş verib. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hal-hazırda araşdırma aparılır. Araşdırma haqqında ictimaiyyətə məlumat veriləcək. Hər iki şagird 10-cu sinifin şagirdləridir, bir sinifdə də oxuyurlar”.
Xəsarət alan 16 yaşlı yeniyetmə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Samirə Cəfərova- həkim: “Xəstənin döş qəfəsinin arxa divarının açıq yarası var idi. İlkin yardım olaraq cərrahi yardım göstərildi və xəstə hal-hazırda cərrahiyyə şöbəsində orta-ağır vəziyyətdə yatır”.
Hadisədən sonra şübhəli şəxs qismində 17 yaşlı Suliddin İsayev saxlanılıb. İlkin məlumata görə, hadisə şagirdlərin aralarında yaranan mübahisə zəminində baş verib.
Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “GŞBPİ –nin 2-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Raul İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007—ci il təvəllüdlü Suliddin İsayev olması müəyyən edilib. Hazırda GŞBPİ-də cinayət işi başlanılıb”.
Bu Gəncə məktəblilərinin iştirakı ilə baş verən ilk analoji hadisə deyil. Buna qədər də məktəb ərazisində və kənarda şagirdlərin bir-birinə kəsici vasitələrlə xəsarətlər yetirməsi faktı qeydə alınıb. Hətta bir hadisə ölümlə də nəticələnib. Digər birində isə hadisə iştirakçıları qızlar olub.
Pərvin Abbaszadə
- Baxış: 1055