Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərəcəyi ilk şəhər olacaq. Bu avtobuslar Belarusdan olan tərəfdaşlarla birgə Gəncədə istehsal olunur. Bunu 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsinin iştirakı ilə Laçında keçirilən beynəlxalq konfransda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib. Aydın Kərimov yanvar ayından Şuşa şəhərinin yollar şəbəkəsinin bərpasına başlanıldığını da diqqətə çatdırıb. Birinci mərhələ 2024-2025-ci illəri əhatə edir. 22 km uzunluğunda yollar bərpa olunacaq. Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına da başlanılacaq. 370 ailə mənzillərlə təmin olunacaq. Laçına gəlincə, 2026-cı ilədək rayona 5 mindən çox sakinin köçürüləcəyi planlaşdırılıb. Ümumilikdə 2035-ci ilədək Laçın əhalisi təqribən 12-13 min nəfər olacaq.
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev isə həmin zonalarda 2026-cı ilə qədər 3 şəhər, 24 kənd və 5 qəsəbənin salınmasının nəzərdə tutulduğunu bildirib. 2026-cı ilin sonunadək 40 minə yaxın keçmiş məcburi köçkün mərhələli şəkildə rayonlarına qayıdacaq.
Vahid Hacıyev- Prezidentin xüsusi nümayəndəsi: “Cəbrayıl şəhərində artıq 712 mənzildən ibarət böyük yaşayış kompleksinin tikintisinə başlanılıb, 2 ay ərzində kompleksin bir hissəsi istifadəyə veriləcək. Zəngilanda 13 evdən ibarət yaşayış kompleksinin tikintisinə başlanılıb. Sakinlərin ilin sonuna qədər Zəngilana qayıtması gözlənilir. Zəngilan rayonunun Cahangirbəyli, Cəbrayıl rayonunun Xorovlu, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də işlər davam etdirilir”.
Vüsalə Cənnətova
- Baxış: 301