• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 15.04.2024 20:08

Orucluqdan sonra başlayan toylar

KepezTV Player

Ramazan ayı ilə əlaqədar olaraq bir aylıq fasilədən sonra toy məclisləri yenidən başlayıb. Ramazan ayı dövründə şənlik evlərinə müraciət edib, rezervasiya edənlər artıq şənliklərini keçirirər. Elə bunun nəticəsidir ki, şənlik evlərində sıxlıq müşahidə edilir.

"Bəyin oğurlanması" filmindən fraqment: “Gəlin havası çalın - Vağzalı”.

Artıq orucluq başa çatdığından Gəncənin şənlik evlərində Vağzalı sədaları eşidilir. Şənlik evlərində müşahidə edilən canlanma Ramazan ayı bitəndən sonra tarix müəyyənləşdirib, beh verənlərin sayəsində yaşanır. Şənlik evlərində qiymətlər isə toy sahibinin istəyindən asılı olaraq dəyişir. 

Abdulla Şabanov- inzibatçı: “Orucluqdan sonra toylar başlayıbdır. Menyu qiymətləri 37 manatdan başlayır. Qonaq saylarımız çox olanda endirimlərimiz də olur. Müraciət edənlər yaxşı qulluq, keyfiyyətli yemək istəyirlər. Bunu da çalışdığımız qədər təşkil edirik. Qiymətlər təbii ki, bazara uyğun tənzimlənir”.

Nizami Qasımov- inzibatçı: “Gəlirlər, maraqlanırlar, ən əsas da menyunun qiymətləri ilə maraqlanırlar. Qonağın sayından asılıdır. Əgər bazar iqtisadiyyatına görə, yəni bazarda qiymətlər aşağı olarsa, aşağı qiymətə edirik. Qiymətlər yuxarı olarsa, menyu da baha olur. İki şəxsin arasında razılıq əldə edilir”.

Elmar Hüseynov- inzibatçı: “Orucluqdan sonra müraciətlərimiz çoxdur. Müxtəlif sayda olan zallarımız var. 450-500, eləcə də 100-200 nəfərlik zallarımız var. Saylara uyğun da müştərilərimizə yerlərimizi göstərib, təqdim edirik. Məhərrəmliyə qədər hər kəs istəyir ki, balasının xeyir işini, toyunu eləsin”.

Menyu qiymətinə istəkdən asılı olaraq fərqli şoular, rəqslər və ifaçılar, eləcə də maraqlı proqramlar da daxil edilə bilər.

Yaşar Mirqədirov- sakin: “Bu yaxınlarda dostumun qızının toyu olasıdır. Gəldik müraciət elədik, qiymətlər yüksəkdir. Qiymətlər aşağı olsa daha yaxşı olar”.

Ərşad Məmmədov- sakin: “Qohumumuz toy etmək istəyirdi, ona görə gəlmişik. Böyük zalda - 300 nəfərlik yerdə məclis edəcəyik. Gələn ay burada məclisimiz olacaq”.

Ümumiyyətlə şənlik evlərinə müraciətlərin çox olmasının əsas səbəblərindən biri də bir neçə aydan sonra Qurbanlıq və onun ardınca isə Məhərrəmlik ayının başlanmasıdır. Həmin vaxtlarda toy edilmədiyi üçün əhali toylarını mümkün qədər tezləşdirmək məqsədilə şənlik evlərinə üz tutur.  

Elnur Vahidoğlu