• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 14.03.2024 19:58

"Azərbaycan Ermənistanla sülhə heç vaxt olmadığı qədər yaxındır"

"Hazırda Azərbaycan Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxındır". Bu açıqlamanı Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda 11-ci Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. Bildirib ki, bu, İkinci Qarabağ müharibəsinin nəticəsində mümkün olub. Dövlət başçısı Fransanın Azərbaycana qarşı apardığı siyasətin beynəlxalq ictimiyyətlə ziddiyyət təşkil etdiyini açıqlayıb. Prezident Fransada Natəvanın heykəlinə qarşı törədilən vandallıq aktından da danışıb.

Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdı ki, bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir. “Parçalanmış dünyanın bərpası” mövzusunda 11-ci Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev bildirib ki, indi Azərbaycan Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxındır. Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlət başçısı, sonuncu görüşdən sonra dünyada və regionda bir çox hadisələrin baş verdiyini qeyd edib. Əsas geosiyasi dəyişiklik isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.

Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinə də diqqəti çəkib. Bildirib ki, bu bəyanat beynəlxalq hüququn tam pozulması, eyni zamanda belə bir ölkə üçün çox böyük iddia idi. Dövlət başçısı Ermənistanın silahlandırılmasına toxunaraq sonuncu antiterror əməliyyatından sonra müsadirə edilən hərbi sursatlar, ağır silahlar, zirehli maşınların dəyərinin bir milyard dollara yaxın olduğunu qeyd edib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard BŞ dollarına yaxın idi. Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi”.

Fransanın apardığı anti-Azərbaycan siyasətinə toxunan prezident rəsmi Parisin  bu mövqeyinin beynəlxalq ictimaiyyətin fikiri ilə ziddiyyət təşkil etdiyini açıqlayıb. Dövlət başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının qeyri-adekvat olduğunu deyərək  forum iştirakçılarına Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə  məlumat verib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Nə Fransa hökuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən buna heç bir reaksiya verilmədi. Belə olan halda biz israr etdik ki, bu heykəl oradan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır”.

Azərbaycanın yaşıl keçid sahəsində atdığı konkret addımlar barədə məlumat verən dövlət başçısı ötən ilin oktyabrında istifadəyə verilən 230 meqavatlıq külək enerjisi stansiyasını və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi layihəsini xüsusi vurğulayıb. Prezident COP29 konfransının ölkədə keçirilməsini Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsi hesab edib. 

Azad Mustafayev