• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 19.07.2024 19:13

Dəri əlcək sahibləri Avropa birinciliyinə yollanırlar

KepezTV Player

Nizami yurdunun boksçuları Avropa birinciliyinə yollanır. Tunar Mehdiyev və Şahin Layıcov millinin tərkibində qitə yarışında ölkəmizin şərəfini qoruyacaqlar.

Gəncəli dəri əlcək sahibləri yarış öncəsi həm Özbəkistanda, həm də Şəki və Bakıda yığmanın tərkibində təlim-məşq toplanışı keçiblər. 48 kq çəkidə çıxış edən Tunar Mehdiyev eyni zamanda şəxsi məşqçisi Samir Namazovun rəhbərliyi altında Avropa birinciliyinə hazırlaşıb. Ciddi məşq prosesi keçən Tunar ona göstərilən etimadı doğruldaraq yarışdan yaxşı nəticəylə dönmək istəyir.

Tunar Mehdiyev- boksçu: “Avropa birinciliyinə yaxşı hazırlaşmışıq. Şəxsi məşqçim və millinin toplanışlarında iştirak etmişəm. Məşqçilər mənə inanırlar və mən də özümə inanıram. İnşallah, Avropa birinciliyindən ölkəmizə qızıl medalla qayıdacam”.

Tunar Mehdiyevin şəxsi çalışdırıcısı Samir Namazov da yetirməsinə çox inanır. Məşqçi Tunarın yarışda uğurlu çıxış etməklə Gəncənin medal həsrətinə də son qoyulacağını düşünür. 

Samir Namazov- məşqçi: “Gəncə 10 ildir ki, Avropadan nəticə vermir. Qarşımıza məqsəd qoymuşuq ki, bu Avropa birinciliyindən nəticə gətirək. Mən Tunara çox inanıram. Respublika yarışlarında da uğurla iştirak etdi. Əziyyət çəkirik, Allahın köməyi ilə Gəncəmizə uğurlu nəticələr gətirərik, bayrağımızı qaldırarıq. Biz Tunara çox inanırıq”.

Avropa birinciliyində iştirak edəcək Gəncənin digər boksçusu isə Şahin Layıcov olacaq. Məşqçi Məhəmməd Əliyevin yetirməsi 66 kq çəkidə millimizin heyətində yer alacaq. Layıcov da ilk dəfə qatılacağı qitə yarışında yaxşı nəticəyə köklənib.

Şahin Layıcov- boksçu: “Bir müddət əvvəl ölkə çempionu oldum, Avropa birinciliyinə vəsiqə qazandım. Bu, mənim ilk Avropa təcrübəmdir. İnşallah, orada yaxşı nəticə göstərib, ölkəmizə qızıl medalla dönərəm”.

Cavadxan yurdunun boksçuları kadetlər arasında Avropa birinciliyində ölkəmizi təmsil edəcəklər. 3-11 avqust tarixlərində keçiriləcək yarışa Bosniya və Hersoqovina ev sahibliyi edəcək.

Orxan Cəfərzadə