• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 17.01.2024 19:43

Milli komandanın təlim-məşq toplanışı

KepezTV Player

Yanvarın 7-də start götürən təlim-məşq toplanışında gənclərdən ibarət millinin üzvləri də iştirak edir. Hazırlıq prosesinə baş məşqçi Xetaq Qazyumov başçılıq edir. Onun rəhbərliyi altında ümumilikdə 56 güləşçi toplantıya cəlb edilib.

Xetaq Qazyumov- milli komandanın baş məşqçisi: “Təlim-məşq toplanışında millimizin 1 nömrələri var. Eyni zamanda digər güləşçilərimiz də var ki, onlardan da seçəcəyik. Gənclər də burdadır. Onlar da ciddi məşq edirlər. Avropa çempionatı öncəsi sonuncudan əvvəlki hazırlığımızdır. Səhərlər isinmə hərəkətləri ilə başlayırıq. Bunun üçün təxminən 30 dəqiqə vaxt ayırırıq. Saat 11:00-da məşqimiz başlayır. Məqsədə görə bəzən fiziki gücün artırılması istiqamətində, bəzən də funksional məşqlər edirik. Eyni zamanda sürət üzərində çalışırıq. 17:30-da döşək üzərində məşqlərimiz olur, ya da kross yüyürüşü edirik. Keçən həftə bayırda məşq edirdik, bu həftə isə havalar soyuduğundan əsasən zalda məşq edirik”.

Milli komandanın baş məşqçisi təlim-məşq toplantısı üçün niyə məhz Göygölü seçmələrinə də aydınlıq gətirib. 

Xetaq Qazyumov- milli komandanın baş məşqçisi: “Mən özüm də vaxtında Olimpiadaya hazırlığımı burada həyata keçirmişəm. Buranı çox bəyənirəm. Hər şey yaxınlıqdadır. Yaxınlıqda yaşayırıq. Burada qidalanırıq. Məşqləri əsasən kompleksin divarları arasında keçirik. Yay fəslində dağlara kross qaçışları təşkil etmək mümkündür. Hovuzda üzmək, saunadan istifadə etmək mümkündür. Burada hazırlıq üçün bütün şərait yaradılıb”.

Sərbəst güləş üzrə milli komandanın üzvləri təlim-məşq toplantısının gedişindən razı olduqlarını, heç bir çətinlik hiss etmədən qarşıdakı yarışlara kökləndiklərini dilə gətirdilər.

Orxan Abbasov- milli komandanın üzvü: “Məşqlər çox əla gedir. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında mütəxəssislərlə məşq edirik. Hər şey planlı şəkildə öz qaydasında gedir”.

Nurəddin Novruzov- milli komandanın üzvü: “57 kq-da güləşirdim. 61 kq-ma təzə keçdim. Böyüklər arasında respublika çepionatını uddum. Böyüklər arasında birinci ilimdir. Məşqlər yaxşıdır. Xetaq müəllim, Cəbrayıl müəllim, Habil müəllim və Təhmuraz müəllim yaxşı məşqlər keçirlər. Tapşırıqları yerinə yetiririk. Sağ olsunlar”.

Turan Bayramov- milli komandanın üzvü: “Əsasən məşqlərimiz fiziki məşqdir. Bu -Göygöl məşqlərində gücə işləyirik. Çünki bu 15 günlük təlimdə əsasən fiziki gücə üstünlük veririk. Həftədə iki dəfə döşək məşqimiz olur. Qalan günlər isə fiziki hazırlığa üstünlük veririk. Əsasən də fiziki çatışmazlıqlarımızı düzəldirik, zəif cəhətlərimiz üstündə işləyirik”.

Onu da bildirək ki, təlim-məşq toplanışına milli komandamızla yanaşı Qazaxstanlı güləşçilər də qatılıb. Asiyalılar demək olar ki, bu cür məşqlərdə millimizin ayrılmazına çevriliblər.

Maqzum Jambulat- məşqçi: “Biz Qazaxstanın Abay bölgəsindən gəlmişik. Artıq 7-ci səfərimizdir. Azərbaycan millisi çox güclüdür. Dünyanın ən güclü milli komandalarındandır. Ona görə də burada məşq etməyi sevirik. İdman Kompleksi də yaxşıdır. Şəhəri də bəyənirik. Əvvəllər yeniyetmələrlə və gənc güləşçilərimizlə buraya gəlmişdik. Nəticələri də gördük. Birgə təlim-məşq toplantıları sayəsində yeniyetmələr arasında 4, gənclər arasında 2 çempionumuz oldu. Asiya çempionatlarında, dünya çempionatlarında uğurlu nəticələr əldə etdik”.

Sərbəst güləşçilərin Göygöl toplanışı gələn ay Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına və apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Ramin Paşayev