• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 07.01.2024 19:34

Veteran futbolçular Qarabağda üz-üzə gələ bilər

KepezTV Player

Yenidən qurulan Xankəndi stadionu ötən ilin sonunda artıq futbolla bağlı siftəsini edib. Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Qarabağ və MOİK komandaları arasında keçirilən oyunla bu idman növü əzəli torpaqlarımıza qayıdıb. Bunun davamı olaraq 2024-cü ildə adıçəkilən məkanda bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Bununla bağlı Futbol Veteranları İttifaqı da AFFA-ya müraciət ünvanlayıb. Keçmiş futbolçular arasında görüşün keçirilməsi istəyi ilə.

Oqtay Abdullayev- Futbol Veteranları İttifaqının sədri: “Planımızda var. Onsuz da biz veteranlar yığılırıq, veteranlar arasında çempionat keçirməyə də hazırlaşırıq. Elə bir oyunu biz burada, Xankəndidə keçirəcəyik. Biz yazıb, AFFA-ya vermişik, bu yaxınlarda o, təsdiqini tapacaq və biz oyunu burada keçirməyə nail olacağıq. Bizim planlarımızda var ki, “Master klas” keçmək üçün keçmişdə oynayan futbolçuları gətirək bura, uşaqlarla təcrübələrini bölüşsünlər. Qapıçılarla qapıçılar, futbolçularla futbolçular məşğul olsunlar. Belə bir turnir keçirmək planımız da var”.

Azərbaycan futbolunun veteranları belə bir oyunun baş tutacağı xəbərini müsbət qarşılayıblar. Keçmiş futbolçular Xankəndidə meydana sevinclə çıxacaqlarını ifadə ediblər.

Yunis Hüseynov- veteran futbolçu: “Əgər dəvət etsələr, böyük məmnuniyyətlə iştirak edərəm. Özü də həvəslə də oynayaram. İnanıram ki, həmin oyunda qol da vuraram. İndi həftədə 2-3 dəfə futbol oynayuram. Düzdür, səhhətimlə əlaqədar problemlər olmuşdu. Ancaq yenə də futbol oynayuram. Veteranların da burada oyunu keçirilsə, məmnuniyyətlə oynayaram”.

Tərlan Əhmədov- veteran futbolçu: “Hər bir veteran futbolçunun istəyidir ki, gəlib burada oynasın və hətta mən özüm istəyərdim ki, Xankəndi komandası yaradılsın, mən həmin komandanın baş məşqçisi olum və yaxud da qeyrisi. Hamımız bunu istəyərik, çünki biz futbolla yaşayırıq. Torpaqlarımız qayıtdıqdan sonra arzulayırıq ki, burada idman inkişaf etsin, eyni zamanda futbol. Veteran futbolçu olaraq burada hər hansı bir yarış olsa, canla-başla iştirak etməyə hazırıq”.

Xankəndi stadionu ərazi separatçılardan təmizləndikdən sonra futbol yarışlarının təşkil edilməsi üçün ideal vəziyyətə gətirilib. Gələn mövsümdən hətta şəhəri təmsil edəcək komandanın da fəaliyyət göstərəcəyi gözlənilir.

Orxan Cəfərzadə