• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 28.12.2023 19:05

"WAKO Rro" versiyasında qazanılan Avropa kəməri

KepezTV Player

6:1 hesablı qələbə ilə nəticələnən Almaniya - Azərbaycan qarşılaşmasının ardından "WAKO Rro" versiyasında Avropa kəməri uğrunda görüş reallaşıb. Gəncə idmançısı Elxan Əliyev kəmər mübarizəsində ispaniyalı Veqa Hernandezlə üz-üzə gəlib. Rəqibi üzərində qələbə qazanan idmançı televiziyamıza müsahibəsində yarışa ciddi hazırlaşdığını və kəmərə yiyələnəcəyinə inandığını bildirib.

Elxan Əliyev- Avropa kəmərinin qalibi: “Bu yarışdan qabaq Portuqaliyanın Lissabon şəhərində Dünya Şempionatı keçirildi. Artıq demək olar ki, 3 ay qabaqdan Quba Olimpiya Kompleksində bizim təlim-məşqlərimiz başlamışdı. Yarışdan sonra da məşqlərimiz davam elədi”.

Elxanın məşqçisi Elnur Salamov yetirməsinin nailiyyətini yüksək qiymətləndirir. 6 yaşından məşqçinin yanında kikboksinqin sirlərini öyrənən idmançının uşaqlıqdan əzmkarlıq nümyaiş etdirdiyini, əsl döyüşçü ruhunda yetişdiyini bildirib. Onun kişilər arasında Azərbaycan çempionu olduğuna və 75 kq çəki dərəcəsində yığma komandanın heyətində yer aldığına diqqət çəkib.

Elnur Salamov- Əməkdar məşqçi: “Elxan Əliyev ümumiyyətlə Azərbaycan çempionu olandan bəri çox yarışlarda iştirak edib, yığma komandanın tərkibində. WAKO-nun Avropa çempionatında, İslam Həmrəyliyi Oyunlarında 3-cü yerə layiq görülmüşdü. Peşəkar yarışlarında 11 döyüş keçirib. Onlardan 10-da qalib gəlib, 1 rəqibinə uduzub. Demək olar ki, həmin yarışın ən reytinqli döyüşünü Elxan vuruşurdu. Və şükürlər olsun ki, Elxan bu yarışda İspaniya idmançısı ilə qarşılaşdı və ilk dəfə olaraq WAKO K1 versiyası üzrə Avropa kəmərini Azərbaycana gətirdi. Bu hər birimiz üçün sevindiricidir”.

Gələn ay isə kikboksçu WAKO-nun Dünya kəmərinə sahib olmaq üçün mübarizə aparacaq. Yetərincə reytinq topladığından onun bu yarışda iştirak ehtimalı böyükdür. Əgər bu baş verərsə, Elxan Əliyev Dünya kəmərinin hazırki sahibi fransalı Remi Parrla qarşılaşacaq. 

Ramin Paşayev