• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 02.11.2023 19:22

Suqovuşandan gələn su 6 kəndə həyat verir

KepezTV Player

Xanqərvənd Goranboyda kənd təsərrüfatı məhsullarının çox istehsal edildiyi kəndlərdəndir. Hər il 1680 hektarda dənli, 400 ha-a yaxın ərazidə isə digər bitkilər əkilir. 30 ilə yaxın dövrdə suvarmada çətinliklər yaşayan sakinlər bunun istehsal həcminə təsirindən danışır.

Ağamir Şükürov- kənd sakini: “Əvvəllər qışda bulanlıq gəlirdi. Heç nəyə istifadə edə bilmirdik. Ermənilər bizim suya hər şey qatırdılar. Yayda da kəsirdilər, heç nə suvara bilmirdik. Suyu lazım olmayan vaxt buraxırdılar”.

Rayonun 2 minə yaxın sakini olan Yeni yol kəndində də əkin sahələri əsasən artezian suları ilə suvarılıb.  

Niyazi Əliyev- kənd sakini: “Ermənilər suyun qabağını kəsirdi, su gəlmirdi. Su gəməyən vaxt bizim problemlər çox olurdu. Yerlərimizi sulaya bilmirdik, məhsuldarlıq da aşağı olurdu”. 

Lakin Vətən müharibəsindən ötən dövr ərzində suvarma ilə bağlı çətinliklər arxada qalıb. Suqovuşandan gələn su hazırda payızlıq əkin aparılan ərazilərə yeni həyat verir.

Elçin Allahverdiyev- kənd sakini: “Kənd təsərrüfatı ilə məşğul oluruq. 2 ha taxıl, 1 ha yarım əkmişik. Bu il Suqovuşandan gələn su ilə normal suladıq, heç bir çətinlik olmadı. Xanqərvənd kəndinin yuxarı hissəsində sular paylanır. Hər kəndin özünün öz norması var, bizim kəndin də öz norması var. Artezian suyu az verilirdi, növbəlikdə problemlər olurdu. Amma bu ağ su gələndən bütün bu problemlər həll olunubdur”.

Suqovuşandan gələn suyun hesabına rayonun Xanqərvənd və Yeni yol kəndləri ilə yanaşı Əlirzalı, Qızılhacılı, Balakürd və Eyvazlı kəndlərində ümumilikdə 9300 ha ərazi suvarılır. Bu il isə suyun həcmi bir qədər də artıb. 

Müşfiq Səmədov- Goranboy rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndis əvəzi: “Payız əkinlərinin taxıl və xəsil əkinlərində suvarmamızın 50 faizinə tam köməyi dəyir. Bu, su istifadəçilərinin maneəsiz suvarması deməkdir. Payız əkinləri bir dəfə gedirdisə, su təminatı normallaşdırdıqda su istifadəçiləri iki torpaq əkininə keçməklə əkin sahələrini iki dəfə əkmiş olurlar. Bununla da həyat şəraitlərini yaxşılaşdıracaqlar”.

Goranboyda 71 min 400 ha-da əkin aparılır. Torpaqların suvarılması isə 962 ədəd subartezian quyusu və 15 su nasos stansiyası, eləcə də Qaragoran, Kürəkçay və İncə çayılarının suları ilə aparılır. Suqovuşan su anbarından gələn su isə suvarmanı daha da yaxşılaşdırıb.

Elnur Vahidoğlu