• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 05.10.2023 09:54

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan üç il ötür

KepezTV Player

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından üç il ötür. 2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub. Raketlər xəstəxananın, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Beyləqan şəhərinə 2 ədəd raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib. Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələr də atəşə tutulub. Bərdə şəhərinin mərkəzi küçələrinə və Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib. Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.