• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 03.10.2023 19:59

Bu gün məktəbə, eləcə də hazırlığa gedənlər

KepezTV Player

Repetitorluq, yaxud hazırlıq, loru dildə desək, “müəllim yanına getmək” bir vaxtlar abitruyentlər aludəçi olsa da, indi 1-ci sinifə gedənlərdə də bu hal yaşanır. İbtidai sinif şagirdlərinin repetitor yanına getməsi demək olar ki, adət halını alıb. Bəs bu, nədən qaynaqlanır? Əməkdaşlarımız məsələnin səbəbini araşdırıblar.

Əvvəllər sadəcə 10 və 11-ci sinif şagirdləri müəyyən fənnlər üzrə hazırlığa gedirdisə, indi ibtibai sinifdə oxuyanlar da repititor fəaliyyətindən yararlanır.

Fidan Həsənova- şagird: “4-cü sinifdə oxuyuram. Dərslər çətin olduğu üçün hazırlığa gedirəm – Azərbaycan dili və riyaziyyat fənnlərindən. Orda müəlliməm mənə kömək edir və təkan verir”.

Nurəddin Rüstəmli- şagird: “Anamla atam işdə olduğuna görə mənim dərslərimə kömək edə bilmirlər. Ona görə də Azərbaycan dili və riyaziyyatdan hazırlığa gedirəm. Başa düşmədiklərimi müəlliməmdən soruşuram”.

Fidan Əsədli- şagird: “2 sinifdən etibarən hazırlıqlara gedirəm. Azərbaycan dilindən, riyaziyyadan. Dərslər çətin olduğu üçün, hazırlıqda müəlliməmdən dərsləri daha aydın şəkildə öyrənirəm”.

Uşaqlar müəllim yanına getməyi dərslərin çətinliyi ilə əlaqələndirirlərsə, valideynlər dərs yükünün ağır olması ilə yanaşı kifayət qədər vaxt ayıra bilmədiklərini əsas gətirirlər. Bunun da öz səbəbi var.

İlahə Vəliyeva- valideyn: “Hazırlığa gedir. 1-ci sinifdir. Çətinləşir get-gedə. Tək o deyil. Mənim 4-cü sinifə gedən oğlum da var. Onda da belədir. Amma əvvəllər belə deyildi. 1-ci sinifdə hazırlıq olmurdu. Onda daha asan idi, indi çətindir”.

Elnarə Ağayeva- valideyn: “4-cü sinifə gedir. Baxıram ki, çətin suallardır. Düzü, mən heç özüm də başa düşə bilmirəm. Müəyyənlərini başa düşə bilirəm. Ona görə məcburuq ki, hazırlığa qoyaq”.

Leyla Əliyeva- valideyn: “Oğlum 5-ci sinifə oxuyur. Onların dərsləri çox ağırdır. İbtidai sinifdən çıxan bir uşaq üçün əlavə çox yükləmələr var. Uşaq gələn kimi məcburi dərsini oxumalıdır ki, çatsın. Yəni uşağın istirahəti omur”.

Müəllimlər də əvvəlki illərdən fərqli olaraq indi hazırlığa gedən uşaqların daha çox aşağı sinif şagirdləri olduğunu təsdiq edir. Buna səbəb olaraq valideyinlərin əvvvəllər başqa proqramla təhsil alması, indi isə kurikulum sisteminə ayaqlaşa bilmədikləri ilə əlaqələndirirlər.

Ruhiyyə Məmmədova- müəllimə: “Əvvəllər proqramlarımız bu qədər zəngin deyildi. Hal-hazırki kurikulum islahatı verilən bəzi məntiqi suallar da valideyinlərdə çaşqınlığa səbəb olur. Biz nəinki uşaqlara, hətta bəzən valideyinlərin özünə də müəyyən ardıcıllığı tamamlamaq üçün yardım edirik”.

Təhsil eksperti Kamran Əsədov deyir ki, xüsusən də ibtidai siniflərdə olan dərs proqramı yaş və sinif səviyyəsinə uyğun deyil.

Kamran Əsədov- təhsil eksperti: “1-4 siniflərdə təhsil alan şagirdlərimiz 11 müxtəlif fənndən dərs prosesində iştirak edir. Və etiraf edək ki, onları öyrənmək, mənimsəmək onların yaş psixologiyasına uyğun deyil. Və valideynlər də ev tapşırıqlarının yerinə yetirilməsində ciddi şəkildə əziyyət çəkirlər. Çünki mütəmadi olaraq - ən az 5 ildən bir dərsliklər dəyişir. Həmçinin yeni mövzular proqrama daxil edilir və əhatə dairəsi genişlənmiş bu proqramlar valideyinlərin ev tapşırıqlarını yerinə yetirməsində uşaqlara kömək etməyə mane olur. Bu gün repietitorluğun əsas səbəbi ibtidai siniflərdə tədris proqramının ağır olması ilə bağlıdır”.

Dərslərin çox olması şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə də maneə olur. Bu da uşaqlarda fiziki və psixoloji yorğunluğa gətirib çıxarır. 

Aişə Rzayeva