Qarşıdakı süjetimiz Şəmkirin cənubunda yerləşən, vaxtilə almanların yaşadığı Çinarlı qəsəbəsindəndir. Daha doğrusu, bu qəsəbədəki tarixi parkdan. Gəlin, yaşı əsri ötən məkana ekranlar vasitəsilə də olsa birlikdə səyahət edək…
Yelenendorf, Georgiyevsk, Leninfeld, indi isə Çinarlı və bu qəsəbənin ölkə ilklərindən olan parkı. 20-ci əsrin əvvəllərindən ta bu günəcən qorunub saxlanan park zəngin florası ilə diqqət mərkəzindədir. Sadəcə yerli sakinlərin deyil, həm də turistlərin. Hətta almanların səyahət planlarının ilk sırasında olur. Açığı, ilk dəfə idi yolumuz buradan düşürdü, buna baxmayaraq, kaşkimiz oldu... Təbiətin xarici təsirlərə məruz qaldığı bir vaxtda belə məkana heç olmasa ayda bir dəfə baş çəkmək mütləqdir. Yəni, kaş ki, çoxdan gələrdik.
130 ildən çox tarixi olan bu məkanın almanlar tərəfindən salındığı deyilir. Park Azərbaycanda olan ən qədim parklardan sayılır.
Çinarlı qəsəbəsində yaşayan almanlar bu məkanı 7 hektar ərazidə istirahət mərkəzi olaraq salıblar. Bu gün sadəcə park olan bu məkanda, vaxtilə yay klubu, mədəniyyət sarayı, rəqs meydanı, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib.
Elxan Əliyev- Çinarlı qəsəbəsi Ağsaqqallar şurasının sədri: “1817-ci ildən almanlar burda yaşayıb. Sonra müharibə dövründə - 1941-ci ildə onlar gedəndən sonra, bu park qalıb bizim camaata. Bu parkın qədim tarixi var. Bura 1887-ci ildə salınıb. Bu parkın ərazisi 7 hektardır. Burada 3 mindən çox ağac var. Vaxtilə burada yay klubu olub. Qulu Əsgərov, Zeynəb Xanlarova, Lüftəli Abdullayev, Şövkət Ələkbərova, Rübabə Muradova kimi şəxsiyyətlər gəlib burda konsert veriblər”.
Öncə sadalananlar Çinarlının 90 yaşlı sakini Abbas baba ilə həmsöhbət olarkən də təsdiqini tapdı. O, almanların parkı xüsusi diqqətdə saxladığını, hətta günü bu gün də buraya üz tutduqlarını vurğuladı.
Abbas Quliyev- qəsəbə sakini: “Mən bu qəsəbədə 1948-ci ildən yaşayıram. Lap gənc yaşlarımdan burda olmuşam. Biz gələn vaxt artıq “nemes”lər getmişdilər. İndi o almanların nəvə-nəticələri, yetirmələri bura gəlirlər. Ata-babalarının dediklərini gəlib burda görürlər. Bu parkda gözəl şənliklər keçirilib. Hər şənbə-bazar günləri buradakı rəqs meydançasında Nəfəs Alətləri Orkestri çalırdı, insanlar rəqs edib, əylənirdilər”.
Park sadəcə qəsəbənin yaşlı sakinlərinin deyil, orta yaşlı nəslin nümayəndələri, gənclər və uşaqların da sevimli məkanıdır. Onlar asudə vaxtlarını məhz burada keçirməkdən zövq alırlar.
Sıx yaşıllıq parka xüsusi gözəllik verir. Floranın müxtəlifliyi, o cümlədən sərv, şam, küknar ağacları, hər addımda rast gəlinən palmalar, nadir hind qozu, habelə bambuk ağacları bu gözəlliyi təsdiqləyir. Əldə etdiyimiz məlumata görə, bambuku vaxtilə parka almanlar gətirib. Hazırda tarixi məkan yerli icra və özünüidarəetmə orqanları və kənd sakinləri tərəfindən qorunub saxlanılır.
Arzu Qafarov- Çinarlı bələdiyyəsinin sədri: “Biz də bələdiyyə olaraq, mütəmadi qaydada parka baxış keçiririk. Parkda gedən işlərlərlə tanış oluruq. Parkımız gözəl qalsın, öz təmizliyini, gözəlliyini itirməsin deyə, bu işlərin düzgün qaydada getməsinə nəzarət edirik”.
Əlbəttə ki, belə gözəlliyi qorumaq sadəcə məsul qurumların deyil, hər kəsin borcudur. Çünki təbiət, faydalarını hər kəsə bərabər paylayır. Biz isə ehtiyaclarımız qədər istifadə edirik. Bir sözlə, təbiətin də, torpağın da, o torpaqda yetişən ağacların da qayğıya ehtiyacı var. Gəlin, onlarla dost olaq!!!
Aişə Rzayeva
- Baxış: 278