Payız mövsümündə bir sıra qrip xəstəlikləri var ki, onlar uşaqlar arasında geniş yayılmağa başlayır. Məhz elə bunun üçün də Gəncədə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərində uşaqlara vaksinlərin vurulmasına başlanılıb. Profilaktik məqsəd daşıyan peyvəndləmə immuniteti artırmaqla xəstəliklər üçün təbii müdafiə yaradır.
Təcrübə onu göstərir ki, yoluxucu xəstəliklərə qarşı vurulan peyvənd virusa yoluxma ehtimalını azaldır və xəstəliyi yüngül keçirməyi təmin edir. Ələlxüsus da havaların soyuması uşaqlarda qrip, göy öskürək, qızılca, məxmərək kimi yoluxucu xəstəliklərə yoluxma riski yaratdığından, aparılan peyvəndləmənin əhəmiyyəti vurğulanır. Proses Gəncədəki 9 Ailə Sağlamlıq Mərkəzində aparılır.
Afət Sadıqova- valideyn: “Ümumiyyətlə qrip, göy öskürək çox yayıldığına görə peyvənd üçün gətirmişik. Peyvənd də elədilər, sağ olsunlar. Uşağın sağlamlığı üzərində daima çalışırlar”.
Ramilla Sadıqova- valideyn: “Havaların soyuması ilə əlaqədar peyvəndə gətirdik. Peyvənd vurdurduq. Sağ olsunlar, razıyıq”.
Elçin Məmmədov- valideyn: “Biz də bu mövsümlə əlaqədar olaraq uşağı peyvəndə gətirdik. Həkimlər də sağ olsunlar, yüksək səviyyədə peyvənd elədilər”.
Svetlana Qəribova- tibb işçisi: “Payız mösümü ilə bağlı peyvəndə gələnlərin sayı daha çox artıbdır. Pnevmakok, qripə qarşı vururuq ki, uşaq xəstələnməsin”.
Günay Tağıyeva- Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin rəhbəri: “Payız mövsümüdür və xəstəliklərin artan mövsümüdür. Ən çox infeksion xəstəliklər artmaqdadır. Bunların da qarşısını almaq üçün mütləq uşaqların peyvəndə cəlb edilməsini tövsiyə edirik. Peyvənd vurdurmaq mütləqdir, vacibdir. Çünki peyvənd, uşaqları bir çox xəstəliklərdən xilas edir”.
Ailə Sağlamlıq Mərkəzləri üzrə qeydiyyatda olan uşaqların sahə həkimləri tərəfindən sağlamlıqları da yoxlanılır. Müayinənin nəticəsinə uyğun olaraq peyvəndin vurulması tövsiyə edilir.
Almaz Tomiyeva- GEM-in şöbə müdiri: “Qrip xəstəlikləri - ümumiyyətlə yuxarı tənəffüs yollarının xəstəlikləri başlayır. Həkimlərə məsləhət görürük ki, həmişə düzgün diaqnoz qoyulsun. Bəzi xəstəliklər var ki, onlar yalnız laborator təsdiq olunur. Laborator təsdiqi üçün o uşağın quru qan damlası Bakı şəhərinə Xüsusi Təhlükəli İnfeksiyalar Mərkəzinə göndərilir. Ona görə də bu həkim klinikasına görə müalicəsini aparır”.
Bundan başqa, yeni doğulan uşaqlara 6 yaşa kimi 11 xəstəliyə qarşı peyvəndlərin vurulması da aparılır.
Elnur Vahidoğlu
- Baxış: 256