• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1473
— 28.09.2023 20:15

30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslər dəfn olunublar

KepezTV Player

30 il əvvəl birinci Qarabağ müharibəsində itkin düşən şəhid əsgərlər Əhməd Babaşov və Vüqar Əsədovun nəşlərinin qalıqları doğulduqları torpaqlara gətirilib. Ailələri ilə vida mərasiminin ardınca şəhidlər dəfn olunub.

Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Vüqar  Əsədovun  nəşinin qalıqları Qaradağın Lökbatan qəsəbəsinə gətirilib. Ailəsi və yaxınlarının iştirakı ilə şəhidlə vida mərasimi keçirilib. 

Vüqar Əsədov 1974-cü ildə Lökbatan qəsəbəsində anadan olub. Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhidin qalıqları Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqda tapılıb. 

Alimə Əsədova- şəhidin anası: “Hərbi Akademiyada oxuyurdu. Onu yarımçıq qoydu, könüllü Füzuliyə döyüşə getdi. 1993-cü ildə Füzulinin bir çox kəndləri uğrunda döyüşlərdə iştirak eliyib. 1993-cü ildə itkin xəbəri gəldi. Ağır döyüş olub. Nəhayət torpaqlarımız alındı. 30 ildən sonra mən balama qovuşmuşam”.

Şəhidin nəşinin qalıqları Lökbatandakı Şəhidlər xiyabanında dəfn olunub. 

Füzulinin Kürdmahmudlu kəndində itkin düşən şəhid Əhməd Babaşovun da qalıqları Xocavəndin Edilli kəndində tapılıb. 18 yaşlı Əhməd 1992-ci ildə döyüşlərdə iştirak etmək üçün könüllü cəbhəyə yollanır.  O, Füzulinin Əhmədbəyli, Şükürbəyli, Seyidəhmədli kəndlərində gedən qızğın döyüşlərdə iştirak edib. 

Yavər Babaşov- şəhidin qardaşı: Bizə xəbər verildi ki, 10 -12 nəfər tapılıb, soldan ikinci sizin uşaqdır. Bizə şəkil göndərdilər, baxdıq, gördük ki, odur. Demək olar ki, sevincimin həddi-hüdudu yoxdur. Yazıq anam da gözləri tutuldu, yolda qala-qala”.

Vida mərasiminin ardınca şəhid Əhməd Babaşovun nəşinin qalıqları Biləsuvarın Bağbanlar kəndində torpağa tapşırılıb.

Azad Mustafayev