• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 02.05.2023 19:36

Vaşinqton görüşü: qarşılıqlı güzəşt gözlənilir?

KepezTV Player

ABŞ Cənubi Qafqazda sülh prosesinə və dinc gələcəyə dəstəkdə sadiqdir. Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır. Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib. Bilindiyi kimi Azərbaycanla Ermənistan arasında "sülh sazişi" layihəsi üzrə danışıqların növbəti raundu Vaşinqtonda keçirilir. Xarici işlər nazirləri səviyyəsində reallaşan görüşə Blinken vasitəçilik etdi. Danışıqların hələ bir neçə gün də davam edəcəyi gözlənilir. Göründüyü kimi Amerika Birləşmiş Ştatları regionda sülhün mümkün olduğuna inanır və bunun üçün yollar axtarışında olduğunu bildirir. Bəs nazirlərin Vaşinqton görüşü Ağ evin inamını doğrultmağa nə qədər yaxındır? 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında iki ölkə münasibətlərinin normallaşması üçün keçirilən danışıqlarda regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub. Analitiklər görüşü danışıqlar prosesinin sürətləndirilməsinə təkan kimi dəyərləndirirlər. 

Elçin Mirzəbəyli- siyasi şərhçi: “Vaşinqton prosesin tez bir zamanda həyata keçirilməsinin, bütün məsələlərin qapadılmasını arzulayır. Lakin indiki şəraitdə Birləşmiş Ştatların məhz bu yanaşmasının tam şəkildə həyata keçirilməsi üçün Amerikanın təsir mexanizmləri ciddi və qabarıq şəkildə nəzərə çarpmır. Ermənistanın davranışlarının bir müddət manikulyativ xarakter daşıyacağını, qütblərarası manevirlərin hələlik davam edəcəyini gözləyirəm”.

Turab Rzayev- siyasi şərhçi: “Vaşinqton formatı açıq şəkildə həm Azərbaycan, həm Ermənistanı sülhə təşviq edir. Vaşinqton formatı bəli, bizim üçün həm Ermənistan, həm Azərbaycan üçün sülh yolunda müəyyən irəliləyişlər vəd edir. Ancaq bu görüşlərin, bu prosesin hansı şəkildə təxribata məruz qalmaması da mümkün görünmür. Yəqin ki, biz önümüzdəki günlərdə hansısa şəkildə sülh prosesinə qarşı fərqli təxribatların şahidi olacağıq. Tam olaraq sərhədlər delimitasiya və demarkasiya olunmadığına görə, bu cür təxribatlara açıqdır”.

Birləşmiş Ştatlar da öz növbəsində Cənubi Qafqazda sülhün mümkün olduğuna inanır. Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel belə deyib. Onun sözlərinə görə, Dövlət katibi Blinken xarici işlər nazirlərini qarşılamaqdan şərəf duyub. Dövlət katibi hesab edir ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır.

Vedant Patel- ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini: ABŞ Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə nail olmaq istəyir. Buna görə bu həftə danışıqları asanlaşdırmaq məqsədilə Cənubi Qafqaz regionunda dinc gələcəyi təmin etmək üçün birlikdə çalışan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməkdən məmnunuq. Biz inanırıq ki, bu iki ölkə arasında sülh mümkündür və biz onları alqışlamaqdan məmnunuq. Nəticədə, bunun necə olacağı iki ölkənin verəcəyi qərardan asılıdır”.

Metyu Brayza- ABŞ-nin Azərbaycandakı keçmiş səfiri: “Minsk qrupunun həmsədri olduğum müddət ərzində deyə bilərəm ki, Azərbaycan və Ermənistan tərəflərinin Birləşmiş Ştatların rəmilərinin dəstəyi olmadan sülh müqaviləsinin imzalaması çətin məsələdir. Aydın məsələdir ki, Rusiya bu mövzu ilə bağlı heç bir şey etmir. Bəzi ölkələr isə Ermənistan tərəfini dəstəkləsə də, ABŞ öz obyektiv mövqeyini saxlamağa davam edir”.

Rəsmi Moskva da prosesləri diqqətlə izləyir. Artıq Rusiyada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib. Azərbaycan üçün isə vasitəçilərdən asılı olmayaraq sülh gündəliyi dəyişməz olaraq qalır. Beş təməl prinsipi əsasında sənədin imzalanması...

Azad Mustafayev