• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2110
— 18.04.2023 12:15

Tarixi məkanlarımıza turist axını

KepezTV Player

"Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "kənz" sözündən gəldiyini irəli sürürlər. Rəvayətə görə, bir atlı burdan keçəndə xəzinə tapır və şəhərin adı belə qoyulur.

Azərbaycanın qədim mədəniyyət mərkəzi, Şeyx Nizami yurdu Gəncə bu gün əcnəbi qonaqların, turistlərin diqqətində olan, tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran yerə çevrilib. Bu tarixi abidələrdən biri də qədim tikililərdən olan, Nizami Gəncəvi məqbərəsidir. Hər kəsin marağına səbəb olan bu qədim tikili haqqında ətraflı məlumat üçün müsahibimizin yanına yollandıq.

Nizaminin qəbri üstündə qədimdən ağ əhəng daşından türbə tikilmişdi. İlk türbənin tikintisi 13-14-cü əsrlərə aid edilir. Seyid Əzim Şirvani 1879-cu ildə məhz bu türbəni ziyarət etmişdi. Türbə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Goraninin təşəbbüsü ilə təmir edilib. Daha sonra General Yadigarzadə tərəfindən bərpa etdirilib.1947-ci ildə şairin dağılmış qədim məzarı üstündə Nizami məqbərəsi - şairin anadan olmasının 750-ci ildönümünə həsr edilmiş abidə ucaldılıb. Məqbərə 1990-1991-ci illərdə yenidən qurulub. Məqbərə şairin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir. Tikili 20 m hündürlüyündə silindrik formada mərmər bina və ətrafındakı park ilə yenilənmişdir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidə yerləşir.

Bundan əlavə Gəncədə turistlərin axınına səbəb olan, Cavad Xan dəftərxanası, “Butulkalı ev”, “Uğurlu xan Karvansaray”ı, Xan bağı, Gəncəçay Park-Bulvar Kompleksi, Göygöl, Maralgöl, “Çökək hamam” kimi bir çox qədimi yerlər də mövcuddur. “Çökək hamam”ın tarixi kimi adının da necə qoyulduğu hər kəsə  maraqlıdır.

Binanın "Çökək hamam" adlandırılması texniki quruluşdan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün hamam çökəkdə inşa edilib. Tikilinin altındakı zirzəmi isə qızdırıcı soba rolunu oynayır. Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsilə hamamın altının və divarlarının qızdırılması təmin edilirdi. Digər tərəfdən isti su da kirəmit borularla divarın içərisindən dolanma yollarla istifadə nöqtəsinə çatdırılırdı. Hamamın tikintisində qırmızı kərpic, yumurtanın ağı, gil və əhəng qarışığından istifadə edilib. Şah Abbas meydanına daxil olan hamamların hər biri tağlı günbəzlərlə örtülüb. Hamamın üstündə 2 böyük və 1 kiçik günbəz var. Böyük günbəzlərin qırağında ventilyator rolu oynayan yarımgünbəzlər tikilib ki, onlardan ventilyasiya boruları divarların içərisindəki məkana doğru ayrılır. Bina iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub. Zirzəmidə iki buxar qazanı yerləşirdi. Divarlarda və hamamın döşəməsində quraşdırılmış keramik borularla buxar zallara ötürülürdü. Buxar bərabər ölçüdə dövr edərək bütün otaqları qızdırırdı. Dörd yüz illik tarixi olan bu sistem 1963-cü ilədək mükəmməl işləyib. Bir giriş qapısı olan hamamın arxa tərəfdən tunelə oxşar yolu mövcuddur. Yerli əhəmiyyətli bu memarlıq abidəsi 2013-cü ildə təmir olunub. Restavrasiya zamanı tikilinin tarixi orijinallığının saxlanılmasına diqqət yetirilib. Bərpa işləri köhnə kərpiclə aparılıb. Abidənin aşınan hissələri, həmçinin dam örtüyü, demək olar ki, yenidən bərpa olunub.

Hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu abidələr bizim milli kimliyimizdir və qoruyub gələcək nəsillərə ötürmək də xalq olaraq bizim vəzifəmizdir.