Azərbaycan səfirliyinə edilən hücum İranın qardaş dediyi ölkəyə növbəti xəyanətidir. Və doğrusunu desək, bizim üçün heç də təəccüblü, gözlənilməz qarşılanmamalıdır. Çünki əvvəllər gizli, son dövrlər açıq-aşkar bu düşmənçilik hiss etdirilib. Məsələnin bir də düşmən dəyirmanına su tökənlər tərəfi var.
İran dünyanın orqanizminə düşüb orda özünə yer edən bir parazitdir. Bu ölkədən hələ heç kimə xeyir gəlməyib. Onun dostluğu da, tərəfdaşlığı da saxtadır. İslam kimi müqəddəs bir dinin adından sui-istifadə edib həm ölkə daxilində yaşayan xalqlara, həm də xaricdəkilərə zərər verməklə məşğuldur. Molla rejiminin iyrənc əməllərindən, şərindən, zülmündən diksinən əhali aylardır ayaqdadır, etirazlarda, nümayişlərdədir. Həbs olunur, sürgün edilir, işgəncələr görür, edam olunur, amma geri çəkilmək istəmir. Çünki bu zülmün zillətindən birdəfəlik can qurtarmaq istəyir. Müvəffəq olacağına ümid edirik. İran dünyanın yaxasında bitmiş bir çibandır. Terrorizmi yayan, bəşəriyyəti narkotiklə zəhərləyən bir zərərvericidir. Hər cür iyrənc əməllər törətməyə qadirdir. Elə 2020-ci ilin yanvarında Ukrayna təyyarəsini vurub 176 nəfərin canına qıymadımı? Bu qədər xain bir rejimdən nələr gözləmək olmazki? Və biz molla rejiminin iyrəncliyini, qəddarlığını, xainliyini səfirliyimizə qarşı törədilən terror aktı ilə bir daha iliyimizə qədər hiss etdik.
Bu, yalnız Azərbaycan səfirliyinə hücum deyildi. Bu, Azərbaycan ərazisinə təcavüz idi. Bu ləyaqətdən uzaq rejimin Azərbaycana səbəbləri bəlli nifrətinin aynası idi. Çox təəssüf, çox təəssüf ki, bu xain terrordan sonra da özünü dindar adlandıran murdar mollaların öz içimizdəki qahmar çıxanlarını da gördük. İranın azərbaycanlılara nifrətinin ən bariz göstəricisini – cənubi azərbaycanlılara münasibəti, onların dillərinin, ədəbiyyatlarının, mədəniyyətlərinin, tarixlərinin əllərindən alınmasını görməzdən gəlirdilər illərdir. Amma bu hücum sıradan bir hadisə deyildi. Bu birbaşa Azərbaycan dövlətinə yönəlmiş hücum idi. Bu terrordan sonra molla respublikasına simpatiya Azərbaycan dövlətinə, dövlətçiliyinə, ölkəmizin müstəqilliyinə antipatiya deməkdir. Belələrinin aramızda, içimizdə olması birmənalı şəkildə yolverilməzdir. Qoynumuzda ilan bəsləməyimiz bəs edər artıq. Molla rejiminin təsirində olan hər kəs ifşa edilməli, İranın maraqlarına xidmət edən media qurumları qeyd-şərtsiz bağlanmalıdır.
Mollakratik İranda heç bir beynəlxalq qanun işləmir. Bununla belə bu terror aktı beynəlxalq səviyyədə ən layiqli qiymətini almalıdır. Hər nə qədər molla rejiminin şər maşınının məngənəsində sıxılsalar da, bizim güneyli soydaşlarımız da bu məsələyə laqeyd qalmamalı, öz münasibətlərini bildirməlidirlər. İran ən zəif nöqtəsindən, ən qorxduğu silahla vurulmalıdır.
- Baxış: 237