İranda molla rejiminə qarşı etirazlar davam edir. Aksiyalar Tehran, İsfahan, Zahedan, Bəndər Abbas və digər şəhərlərdə keçirilib.
Tehranın Şuş qəsəbəsində təqaüdçülər sosial təminat idarəsinin qarşısına toplaşaraq, yaşayış şəraitinin pis olmasına və tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.
Tehranda Sura Universitetinin tələbələri edamlara qarşı aksiya keçiriblər. Onlar "Bəsic, Sepah, siz bizim İŞİDimizsiz" kimi rejim əleyhinə süarlar səsləndiriblər.
Tehranın "Beheşti" Universitetinin tələbələri də molla rejiminin gəncləri edam etməsinə qarşı aksiya keçiriblər. "Nə edam, nə zindan. Sonuna qədər mübarizə aparacağıq" şüarı səsləndiriblər.
Sənəndəç şəhərində sahibkarlar molla rejiminə qarşı olduqlarını sərgiləyiblər. Etiraz olaraq mağazalarını, iş yerlərini bağlayaraq tətil ediblər. "Edama yox, islam respublikasına yox" kimi şüarlar səsləndiriblər.
İsfahanda da aksiyalar davam edir. Etirazçılar küçələrə axışaraq "Hər öldürülən adamın arxasında minlərlə adam var", "Mən namuslu qadınam" kimi şüarlarla mollalara qarşı çıxıblar.
Zahedanda aksiya iştirakçıları xameneyinin əleyhinə şüarlar səslənidiriblər, etirazlarını nümayiş etdiriblər.
Bəndər Abbas şəhərində etirazçılar küçələrdə təkər yandıraraq yolları bağlayıblar.
Kərəc şəhərində insanlar aksiyalar zamanı həbs edilən iki gəncin, Məhəmməd Buruğəni və Məhəmməd Qubadlunun edam edilməsinə mane olmaq üçün Qızılhasar zindanının önünə toplaşıblar.
Noyabrın 21-də etiraz aksiyaları zamanı saxlanılan Binab şəhərindən olan Leyla Nasiri zorakılığa məruz qalıb. Qadın təhlükəsizlik idarəsinin təcridxanasında döyülüb, dindirildikdən sonra Marağa zindanına köçürülüb. Xanım fəalın müraciətinə baxmayaraq, Binab şəhər prokurorluğu onun girov qarşılığında müvəqqəti sərbəst buraxılmasına icazə verməyib. Qadına qarşı irəli sürülən ittihamlar da açıqlanmayıb.
Daha bir fəal, Urmiyada yaşayan Davud Kabali isə "İctimai asayişi və nizam-intizamı pozmaq" ittihamı ilə mühakimə olunub. O, 5 il 6 ay həbs, 3 şallaq zərbəsi, 250 saat məcburi əmək cəzaları alıb, 9 milyon tümən cərimə edilib.
Molla rejimi İsfahan şəhərində 3 təhlükəsizlik əməkdaşının ölümünə səbəb olma ittihamı ilə 3 etirazçı haqqında hökm çıxarıb. Edama məhkum olmuş şəxslər Saleh Mirhaşimi, Məcid Kazimi və Səid Yəqubidir. Məhkəmə digər 3 nəfər haqqında isə həbs qərarı çıxarıb.
Mazandaran əyalətində həbs edilən Cavad Ruhiniyə də ölüm hökmünün verildiyi bildirilib.
Təxminən bir ay öncə Təbrizdə baş tutan etirazlarda həbs edilən 3 uşaq atası Heydər Əziminin həyatını xilas etməksə mümkün olmayıb. O, molla rejiminin verdiyi işgəncələr səbəbindən həyatını itirib. Meyiti ailəsinə təhvil verilib.
Şirazda rejim milli fəal Qüdrət Məsuminin evinə basqın edib. Evdə axtarış aparılıb, fəal isə həbs olunub. Ona qarşı irəli sürülən ittiham açıqlanmayıb.
Zahedan şəhərində etirazlar zamanı həbs edilən bəluc gəncə edam cəzası verilib. 20 yaşlı gəncin adı Kambiz Xorvət Mehrullah oğludur.
İranda son 120 gün ərzində 81 etnik bəluc edam olunub.
Bu arada, molla respublikasında davam edən etiraz aksiyaları fonunda yerli valyuta vahidinin ABŞ dolları qarşısında məzənnəsi ucuzlaşıb. ABŞ dolları tümən qarşısında rekord həddə bahalaşıb. Belə ki, 1 ABŞ dolları 41 min tümənə bərabər olub.
- Baxış: 299