Dünən axşamdan etibarən ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti qərb bölgəsində yerləşən dağ rayonlarının yol təsərrüfatında bəzi çətinliklər yaradıb. Ancaq görülən tədbirlər nəticəsində maneəsiz hərəkətin təmin olunmasına nail olunub. Bəzi rayonlarda isə qarlı-şaxtalı hava qəzalara səbəb olub.
Göygöldə yağan qarın qalınlığı rayon mərkəzində 3-4 sm olsa da dağlıq ərazilərdə isə 10 sm-ə çatıb. Yola nəzarət edən və gücləndirilimiş iş rejimində fəaliyyət göstərən 24 nömrəli Yol İstismar idarəsi tərəfindən buzlanmanın qarşısını almaq və nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün hərəkət hissəsinə qum-duz qarışığı səpilib. Gündüz saatlarında olduğu kimi idarə gecə saatlarında işinə ara vermədən davam edəcək.
Hazırda Göygöldə yollarda avtomobillərin hərəkəti üçün demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırılıb və maşınlar sərbəst şəkildə mənzil başına çata bilirlər.
Göygöl-Kəlbəcər-Laçın yolunun Göygöl rayonundan keçən hissəsindəyik. Göründüyü kimi yol açıqdır və avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur.
Tovuzda isə mənzərə fərqlidir. Burada təbiətin şıltaqlığı rayon mərkəzi ilə kəndlərin əlaqəsində çətinlik yaradıb. Buz bağlayan yollarda qəzalar qaçılmaz hal alıb, avtomobillər yolda qalıb. Qarlı havada yeni inşa edilən körpülərin üzərində hərəkət etmək sürücülərə əməlli başlı çətinlik yaradıb. Hətta düz yolda idaretmədən çıxan nəqliyyat vasitəsi qəza törədib. Buzlu yolda körpü üzərinə çıxa bilməyən nəqliyyat vasitələri isə yolun açılmasını gözləmək məcburiyyətində qalıblar.
Buzlu yollarda evindən bir pir parça çörək üçün çıxan sürücülər yola nəzarət edən qurumu faliyyətsizlikdə günahlandırır. Onların fikrincə yağan qarın fəsadları hələlik heç kimi narahat etmir.
Ərazidə çəkiliş apardığımız zaman yolda yalnız 1 nəfər yol təsərrüfatı işçisi gördük ki, yola duz əvəzinə torpaq səpirdi.
Daşkəsən də qarlı hava şəraiti gediş-gəlişə maneə yaratsa da, sürücülərin hərəkət zamanı problemlə üzləşməmələri üçün yol təsərrüfatı işçiləri lazımi tədbirlər həyata keçiriblər. Əsas, eləcə də ucqar dağ kəndlərinə gedən yollara texnika və canlı qüvvə cəlb olunaraq qum və duz səpilməklə hərəkətin intensivliyi bərpa edilib. Analoji işlər Gədəbəydə də yerinə yetirilib. Əsasən də Yasamal aşırımında normal hərəkəti təmin etmək məqsədi ilə işlər davam etdirilir. Hazırda sözügedən rayonun ərazisində avtomobillər üçün əsas yollar tam açıqdır.
- Baxış: 404