• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 30.11.2022 20:09

"Qırmızı xətt"in altında yatan qara niyyətlər

KepezTV Player

Dünən Qətərdə keçirilən futbol üzrə dünya çempionatında turnirin ən prinsipial matçı keçirilib. Amerika Birləşmiş Ştatları İran yığmasını 1-0 hesabı ilə məğlub edərək növbəti tura yüksəlib. İran futbolçuları isə Doha-Tehran reysinə artıq geri dönüş bileti sifariş edib. Bu xəbərin idman tərəfi idi. Amma elə dünən matç qabağı xəbər yayıldı ki, iran xüsusi xidmət orqanları Qətərdə çıxış edən futbolçuların yaxınlarına xəbərdarlıq edib ki, əgər idmançılar artıq-əskik nə hərəkət etsələr, onun cəzasını İrandakılar çəkəcəklər. Bəzən idman da bir siyasətdir deyirik, amma mollalar deyəsən o qədər ürkəkləşiblər ki, cüzi qeyri-adilik dövlətə, daha doğrusu rejimə xəyanət kimi qiymətləndirilir. İdman meydançası bir yana, İran özü də bu günlərdə qarşıdurma meydanını xatırladır. Xalqın “Get” tələbinə isə məhəl qoyan yoxdur!
- İranda fars-molla rejimi ən pis günlərini, qürubunu yaşayır. İndi ölkədə rejimin qətlə yetirdiyi mülki insanların sayı çox təəssüf ki, statistika çevrilib. Həbsxanalar zülmə etiraz edənlərlə dolub. İnsanların azadlıq eşqi, onillərdir tapdalanan hüquq və azadlıqlarına qovuşmaq istəyinin qarşısında heç dar ağacı da tab gətirə bilmir. Bu gün İranda baş verənlər əsl inqilabi şəraiti xatırladır. Küçələrdə olanlar artıq kütlə deyil, xalqdır! Rejimin başında duranların nağıllarına isə artıq inananlar qalmayıb. Bayrağında İslamın rəngi əslində isə İslamı parçalamağa yönələn siyasətiylə illərdir beyinləri yuyan molla rejiminin indi iki çıxış yolu var. Ya xalqın səsini eşitmək ya da xalqın səsini boğmaq. İranda indi baş verənlər hələ ki, ikinci ssenari ilə inkişaf edir. Amma zülm, səsləri boğmaq cəhdləri çoxaldıqca əksinə Səslər çoxalır, daha da gur olur!
- Bütün bunlara rəğmən ən çox əziyyət çəkən yenə cənublu qardaşlarımızdır! Bu gün də Bakının dərdi var! Çünki Təbriz xəstədir. Ərdəbil, Gilan, Qəzvin və digər tarixi torpaqlarımızda yaşayan milyonlarla azərbaycanlının hüquqları pozulmaqdadır. Urmu gölü kimi İranda yaşayan azərbaycamlıların etnik kimliklərini, soyköklərini qurutmaq istəyirlər. İndi molla rejimi qəsdən daxili narazılığı etnik müstəviyə köçürmək istəyir. Bu gün iran mediasında “Azərbaycan” adlı bir düşmən obrazı var. Azərbaycan nəinki iranın hətta bütün islam dünyasının düşməni kimi təqdim edilir. Vaxtilə minbir bəhanə ilə irana apararaq təsir altına salınan sapı özümüzdən olan “mollalar” belə Azərbaycanda dinin əldən getdiyini deyir, açıq şəkildə xalqı üsyana çağırmaqdan belə çəkinmir. Amma Tehran hakimiyyətinin həzm edə bilmədiyi bir həqiqət var. İranın Şimalında hələ indiyədək bu qədəq güclü Azərbaycan olmayıb. Öz ayaqları üstündə dayanan Azərbaycan. Bu gün Azərbaycan həqiqətən geniş addımlar atır. Cənubda yaşayan azərbaycanlılarımızın səsinə hay vermək vaxtıdır. Vaxt, zaman və şərait bunu tələb edir. Tehranın qara kabusuna çevrilən bu amil bizi son 40 ildə yox əsrlərdir bizə müşayət edir. Yəqin ki, fars-molla rejimi Pişəvərinin, Səttarxanın və Azərbaycançılıq məfkurəsini daşıyan neçə-neçə cənublu soydaşımızın küllərindən yenidən doğmaq qabiliyətini çox yaxşı bilirlər. Ona görə də əsas hədəf məhz Azərbaycanlılardır. Azərbaycanlıları boğmaqdır.
- İranda ən yaxşı yaşayan milli azlıq deyəsən ermənilərdir. Hər bir cəmiyyətə çox mahir “inteqrasiya” olmaq qabiliyyəti molla rejiminə ermənilərdən maksimum istifadə etməyə imkan verir. İranın azsaylı xalqları arasında ən az saya malik olan bu türk düşmənləri öz ana dillərində təhsil də alır, mətbuata da çıxış əldə edib, hakimiyyətdə də kök salıb. Amma nə hikmətdirsə iranın ən böyük xalqlarından olan azərbaycanlılar üçün bu şərait yaradılmır, iş azərbaycanlılara çatanda onlar iranlılar deyə xitab edilir. Niyə?! Niyə ermənilərdən başqa hamıya iranlı kimi müraciət olunur?! Niyə illərdir əllərində azərbaycanlı qanı olan erməniləri Tehrandakı rejim qucaqlayıb, öpür?! Bütün bu suallara cavab verilməlidir, Ağalar! Bir neçə gün əvvəl İranın keçmiş idarəçilərindən, vaxtılə Xarici İşlər Naziri və Vitse Prezidenti olmuş Vilayəti Azərbaycan Iran münasibətləri barədə bir məqalə yazdı. Ümumi narahatlıqlar, ortaq tarix, birgə gələcək barədə müəyyən sözlər söylədi. Bakının reaksiyası özünü nəinki gözlətmədi hətta ildırım sürətli oldu. Cavab da bu idi ki, İran Azərbaycan münasibətlərini korlayan tərəf Bakı deyil. Yəni vəziyyətin bu həddə çatmasının səbəblərini Arazın o tayında axtarın. Amma Vilayəti kimi nüfuzlu siyasətçinin mövqeyini belə eşidən olmadı. Ya da onu saya salan olmadı ki, Prezident İlham Əliyev bu günlərdə dünyanın müxtəlif yerlərində gələn siyasi beyin mərkəzlərinin üzvləri ilə görüşdə çox incə bir məqama toxundu. 

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq. Bu vəziyyəti bizim yaratmadığımızı bildirmək üçün son bir məsələni də qeyd etmək istərdim. Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Eyni zamanda, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktyora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik.
- İrandakı vəziyyətdə də son dərəcə kövrəkdir. Ölkənin dörd bir yanında fars molla rejminə qarşı böyük etirazlar var. Buna tab gətirmək üçünsə İranda güc yoxdur. O zaman ən gözəl vasitə ətraf ölkələrdə proksi münaqişələri alovlandırmaq. Türkiyəyə qarşı terrorçu PKK-nı silahlandırmaq, Suriyada yenə məzhəb amilini önə çıxarmaq, İraqla köhnə ədavəti qızışdırmaq, Əfqanıstan və Pakistana ərazi iddiaları və sairə və ilaxır. Müasir İran dövətinin coğrafi yerləşməsi və yürütdüyü xain siyasəti bütün bunların reallıq olduğunu deməyə imkan verir.
- Beləliklə fars-molla rejimi gün-gündən qürubuna doğru sürüklənir. Azərbaycana rəğmən Ermənistanın müstəqilliyini qırmızı xətti olan bir rejimin özü qırmızı xətti keçir. Qırmızı rəng isə qan rəngi ilə yanaşı həm də tərəqqi, inkişaf rəngidir!