• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 14.07.2021 20:14

"Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Biz oraya qayıtmalıyıq"

KepezTV Player

Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar. Müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq. Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirakı zamanı belə deyib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Görüşümüzün əvvəlində Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edilir. Bu kompleks 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksidir. Mən indi burada yaradılmış şəraitlə tanış oldum, görürəm ki, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar.

Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək.Artıq 1300-dən çox ailəyə mənzil verilib. Bu günədək təqim olunan avtomobillərin sayı isə 7200-dür.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilməyib. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır. Biz bu gün müharibə dövründə evlərini itirmiş, namərd erməni atəşi nəticəsində yaxınlarını itirmiş mülki şəxslərin də problemlərini həll edirik. İndi hər kəs, bütün dünya bilir ki, müharibə dövründə Ermənistan döyüş meydanında bizə qarşı müqavimət göstərə bilmədiyi halda mülki əhalini atəşə tutub, hərbi cinayətlər törədib, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan istifadə edib. Bu, artıq sübut olunub. Uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub və minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir, yenə də dövlət xətti ilə yeni evlər tikilir, fərdi evlər tikilir və o evlər dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir.

Prezident İlham Əliyev qazilərin məşğulluq məsələlərindən də danışıb. Bildirib ki, Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. İndi bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər. Bax, bunu biz edirik. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib. Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir. Bizim isə sözümüz tam həqiqətdir və verilmiş vədlər də tam yerinə yetirildi. Bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı verilmiş vədlər yerinə yetirildi.

Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə 3 minə yaxın şəhidimizin həyatdan getməsi, əlbəttə, böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Bizdə olan və bilirəm ki, müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir. Bunu həm əməliyyatların gedişatı göstərir, eyni zamanda, bizim videotəqdimatlarımız göstərir, ermənilərin məhv edilmiş, qənimət kimi götürülmüş hərbi texnikası göstərir. Biz 336 düşmən tankını ya məhv etmişik, ya da qənimət kimi götürmüşük. İndi saysınlar, hesablasınlar, bir tankda neçə nəfər oturur. Biz yüzlərlə zirehli texnikanı, yüzlərlə hava hücumuna qarşı müdafiə sistemlərini məhv etmişik. Böyük sayda artilleriya qurğularını məhv etmişik. Hər bir artilleriya qurğusu yanında ən azı 3-4 nəfər olur. Əgər təkcə bunları hesablasaq, real mənzərə üzə çıxır. Ona görə hesab edək ki, onların itkisi 7-8 mindən də çoxdur. Bu, nəyi göstərir? Bizim hərbçilərimizin qəhrəmanlığını, peşəkarlığını göstərir. Planlaşdırılan əməliyyatların düzgünlüyünü göstərir. Bir daha demək istəyirəm, hər bir əməliyyatı planlaşdırarkən deyirdim ki, itkilər minimum olsun. Bəzən buna görə biz bəzi əməliyyatları təxirə salırdıq, bəzi əməliyyatları bir qədər sonra keçirirdik. Çünki görürdük, itkilər çox ola bilər. Əlbəttə, 10 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya aktı bizə imkan verdi ki, minlərlə gəncin həyatını qoruyaq. Çünki əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı və müharibə davam etsəydi, təbii ki, biz dayanmayacaqdıq.


Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir. Biz bunu həm mətbuatda izləyirik, eyni zamanda, bizə bir çox yerlərdən müraciətlər daxil olur, bizim təcrübəmizi öyrənmək istəyən tərəfdaşlar müraciət edirlər.

Dövlət başçısı deyib ki, müharibə dövründə bir nəfər də fərari olmayıb. Amma Ermənistan ordusunda 10 mindən çox fərari olub. Onların yarısı ölkədən qaçıb, yarısına qarşı da cinayət işi açılıb. Ermənistan ordusunun zabitləri əsgərləri zəncirləyirdilər ki, qaçmasınlar. Bizdə isə əksinə, hospitallarda yaralı vəziyyətdə olanlar da həkimlərinə deyirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdırıq. Bir çoxları da qayıdıb və həlak olub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb.Artıq müharibə dövrü arxada qalıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq. İyunun 26-da Silahlı Qüvvələr Günündə mən öz açıqlamalarımda bunu demişəm. Biz ordumuzla bağlı yeni planları həyata keçiririk. Ancaq biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur. İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə.

Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil deyən prezident hesab edir ki, bu çox böyük bir səhv olacaq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar.