• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 16.03.2021 20:34

Əmisi kimi torpaq uğrunda canını fəda edən şəhid

KepezTV Player

O şəhid olan əmisinin yolu ilə getməyi qarşısına məqsəd qoymuşdu. Məqsədinə də çatdı. Nadir Muradov Vətən müharibəsində arzuladığı ali zirvəyə yüksəldi. 

Murovdağ istiqamətində gedən döyüşlərdə şərəfli ölümü dadanlar sırasında Nadir Muradov da olub. 1996-cı ildə Göygölün Gəncə kəndində dünyaya göz açan Nadirin gələcək planlarını yaşa dolduqca əmisinin şəhid olması haqda danışılanlar formalaşdırır. O, elə əmisi Xəlil Muradovun adını daşıyan məktəbdə oxuyarkən də birinci Qarabağ döyüşlərində həlak olan qəhrəman barəsində tez-tez açılan söhbətlərdən təsirlənir. Hərbi xidmət yaşına çatdıqda Nadir Muradov 1993-cü ildə o vaxtkı Ağdərə rayonunda şəhid olan əmisinin qisasını almaq üçün hərbçi olmağa qərar verir. Taleyi elə gətirir ki, 2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlayan günü snayperçi kimi döyüşə girir və şəhid olur.

Nadir barəsində danışanlar onun haqqında yalnız xoş sözlər dilə gətirirlər. 24 yaşında ali zirvəyə ucalan igid ailəsinin, dostlarının, yaxınlarının qürur yerinə çevrilib. Muradov sağlığında özünün də dediyi kimi, gələcək nəsillərin rahatlığı üçün döyüşüb, Vətən üçün canından keçməyi göz önünə alıb.

Nadir Muradov qohumcanlılığı, qayğıkeşliliyi ilə hər kəsin sevimlisi olub. Çəkiliş qrupumuzun gəldiyini eşidib şəhidin evinə axışan qohumları, yaxınları Nadir barədə ən xoş sözləri dilə gətiriblər.

Muradovlar ailəsinin 2-si oğlan, 1-i qız olmaqla 3 övladı var.  Nadir ailənin son beşiyi olub. Onun xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı kəndin girişində şəkli əks olunan lövhə yerləşdirilib.