Erməni vəhşiliyinin dünyaya sübut edilməsi məqsədilə Vətən müharibəsi dövründə düşmənin Gəncəni raket atəşinə məruz qoyması nəticəsində dağılmış ərazilər xatirə kompleksinə çevriləcək. Prezident İlham Əliyevin göstərişi ilə həmin ərazidə yaşayan sakinlər üçün evlər isə digər yerlərdə tikiləcək.
Cəmi 44 günə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vuraraq düşməni diz çökdürən şanlı Azərbaycan Ordusu 30 illik işğala son qoydu. Döyüş meydanında rəşadətli Azərbaycan hərbçilərinin gücü qarşısında tab gətirməyən ermənilər isə mülki əhalini hədəf almaqla acizliklərini nümayiş etdirmiş oldular. Oktyabrın 4-də müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara ilk hücum edildi. Gəncə dümənin raket atəşinə məruz qaldı. Nəticədə bir mülki şəxs həlak oldu, 30-dan çox insan yaralandı. Oktyabrın 5-i, 8-i, 11-i və 17-də də döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə ermənilərin xain hücumlarına məruz qaldı. Azərbaycanın ikinci böyük şəhərinin raket atəşlərinə tutulması nəticəsində aralarında azyaşlılar da olan ümumilikdə 27 mülki şəxs şəhid oldu, 120-dən artıq vətəndaş yaralandı. Dövlət başçısının göstərişi ilə Gəncədə düşmən hücumuna məruz qalan ərazilər xatirə kompleksinə çevriləcək.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib. Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Hesab edirəm ki, biz artıq orada təmizləmə işlərinə də start verməliyik. Çünki bir müddət o yerlər dağılmış vəziyyətdə qalmışdır ki, xarici jurnalistlər, eyni zamanda, diplomatik missiyaların nümayəndələri gedib orada erməni vəhşiliyini öz gözləri ilə görsünlər. Demək olar ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri bu dəhşətli görüntüləri öz videoreportajlarında əks etdirmişlər. ...O xatirə kompleksi həmin yerlərdə olmalıdır ki, heç kim bizim şəhidlərimizi unutmasın və biz onların əziz xatirəsini əbədiləşdirməliyik.
Ölkə rəhbərinin bu qərarı Gəncə sakinlərinin də ürəyincə olub. Şəhər əhalisi erməni vəhşiliyinin sübutu kimi dağılmış ərazilərin xatirə kompleksinə çevrilməsini təqdir edir.
Analoji xatirə kompleksləri erməni işğalına məruz qalan şəhərlərdə də yaradılacaq. Prezident İlham Əliyevin tapşırığı ilə şəhərlər bərpa olunarkən hər birində müəyyən ərazidə dağıdılmış yerlər Ermənistan işğalının açıq səma altında muzeyi kimi qalacaq. Bunu heç kim heç vaxt unutmasın deyə. Eyni zamanda, azad olunmuş bütün şəhərlərdə işğal muzeyləri yaradılacaq. Bu muzeylərdə Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsi əks olunacaq. Məqsəd Azərbaycanın hansı vəhşilərə qarşı müharibə apardığını, öz torpağını və Cənubi Qafqazı hansı bəladan xilas etdiyini dünyaya göstərməkdir.
- Baxış: 159